Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda həyətlərə əlavə tullantı konteynerləri qoyuldu

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən iyunun 14-dən iki gün ərzində Bakı şəhəri də daxil olmaqla, üç şəhər və beş rayonun ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, şəhərin kommunal xidmətləri tərəfindən əlavə tədbirlər həyata keçirilir. Bununla bağlı Oxu.Az-a icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtda koronovirus pandemiyası ilə mübarizə tədbirlərinin mühüm bir hissəsini yaşayış binaları, giriş blokları, ümumi istifadə yerləri, idman meydançaları, lift kabinaları və digər yerlərin təmizliyinin təmini, həmin yerlərin mütəmadi olaraq dezinfeksiyası təşkil edir. Eyni zamanda, məişət tullantılarının vaxtında daşınması da mühüm əhəmiyyət kəsb edir.
Keçən həftə sərt karantin günlərində vətəndaşların üzləşdiiyi müəyyən çətinliklərlə bağlı onların müraciətləri  nəzərə alınaraq kommumal xidmətlər tərəfindən paytaxtın bütün rayonlarında məişət tullantılarının atılması üçün konteyner meydançası olmayan çoxmərtəbəli yaşayış binalarının həyətlərinə, blokların çıxışına yaxın yerlərdə məişət tullantılarının atılması üçün tullantı konteynerləri qoyulur. Bu da iki günlük sərt karantin günlərində sakinlərin problemlərinin həllinə kömək olacaqdır.
Bildirilib ki, dünəndən etibarən bu prosesə başlanılıb. İki gün ərzində meydançalardakı mövcud konteynerlərdən əlavə daha 1000-dən çox belə konteyner qoyulacaq və bu müvəqqəti haldır. Sonradan konteynerlər yığışdırılaraq meydançalara qaytarılacaq.
Həmin günlərdə kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq, bu konteynerlərin ətrafı da dezinfeksiya ediləcək.

13 İyun, 2020  11:30 Baxılıb: 2285

Bu bölmədə