Simsar.az | bizi özünüzə Simsar bilin
ATƏT-in Bakı ofisinin rəhbəri son çıxışında nələr dedi

Əli Bilgə Cankorel vida görüşü keçirdi

Simsar.az-ın məlumatına görə, ATƏT-in Bakı ofisinin rəhbəri kimi 2 il 2 aylıq fəaliyyəti ilə bağlı jurnalistlərə hesabat verən səfir media mənsublarına təşəkkür edərək, onların fəaliyyətini təqdir etdiyini bildirib.

Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə hökumət, müxalifət və QHT nümayəndələrinə münasibətlərindən dolayı minnətdarlığını bildirən Ə.B.Cankorel ilk dəfə olaraq Naxçıvanda da ciddi fəallıq göstərdiklərini, bir sıra layihələr həyata keçirdiklərini qeyd edib.

Azərbaycanın bölgələrində də bir sıra layihələrin həyata keçirildiyini söyləyən səfir bunların uğur qazandığını, bəzilərinin isə hələ də davam etdirildiyini vurğulayıb.

2 illik fəaliyyəti müddətində 120-dən çox layihə həyata keçirdiklərini deyən ATƏT rəsmisi bu göstəricinin onların işlərinə işıq saldığını bəyan edib.

ATƏT nümayəndəsi iki il ərzində “Məişət zorakılığı qanunu”, “Cəmiyyət dəstəkli polis” layihəsi, “Diffamasiyanın dekriminallaşdırılması qanunu”, “Obmdusman haqqında qanun”, insan alverinə, korrupsiyaya, terrorizmə qarşı qanunların və layihələrin qəbulu və həyata keçirilməsi sahəsində gördükləri işlərdən danışıb. O bildirib ki, hakimiyyətlə müxalifət arasında dialoq ənənəsinin yaranmasına nail olduqları üçün məmnundurlar. Səfir, həmçinin, qeyd edib ki, Bələdiyyə seçkiləri zamanı da rəhbərlik etdiyi qurum ciddi fəallıq göstərib və bir sıra qanunların sadələşdirilməsinə nail olub.

2 il ərzində 2500-dən çox məhkəmə prosesinin monitorinqini apardıqlarını və bununla bağlı Ədliyyə nazirliyinə təqdimatlar verdiklərini diqqətə çatdıran Ə.B.Cankorel Azərbaycanın bölgələrində əhaliyə pulsuz hüququ yardımlar göstərdiklərini vurğulayıb.

Ölkədən gedərkən bir sıra problemlərin qaldığından təəssüfləndiyini deyən səfir bu problemlərin sərbəst toplaşma azadlığı ilə bağlı olduğunu qeyd edib. O bildirib ki, seçki qanunu ilə bağlı da bir sıra problemlər mövcuddur. Səfir seçki kampaniyalarının təşkili, namizədlərin qeydiyyatı, həmçinin, seçki şikayətlərinin araşdırılmasında problemlər olduğunu söyləyib.

Medianının Azərbaycanda bir biznes sahəsi kimi görülməsini istədiyini söyləyən ATƏT-in Bakı ofisinin rəhbəri hər şeyə rəğmən Azərbaycandan optimist fikirlərlə ayrıldığını vurğulayıb.

14 İyun, 2011  18:24 Baxılıb: 1025

Bu bölmədə