Simsar.az | bizi özünüzə Simsar bilin
“FACEBOOK” İSTİFADƏÇİ BAZASININ ARTIM TEMPİ ZƏİFLƏYİB

Ən iri sosial şəbəkə olan “Facebook”-un istifadəçi sayı yaxın gələcəkdə 700 milyona çatacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, bunu internetin təhlili ilə məşğul olan “Inside” analitik şirkəti açıqlayıb. Lakin analitik şirkət son iki ay ərzində sosial şəbəkənin istifadəçi bazasının artım tempinin xeyli zəiflədiyini də vurğulayıb. Hesablamalara görə, iyun ayının əvvəlində “Facebook”-un 687 milyon istifadəçisi qeydə alınıb. Aprel və may ayları ərzində sosial şəbəkədə müvafiq olaraq 13,9 və 11,8 milyon yeni istifadəçi yazısı qeydiyyatdan keçib. Bu isə “Facebook”-un adətən nümayiş etdirdiyi tendensiyadan aşağıdır. Çünki son il ərzində resursun auditoriyasında ayda ən azı 20 milyon istifadəçi artıb.


Bundan əlavə, sosial şəbəkənin ABŞ və Kanadada istifadəçi sayının azaldığı da müşahidə olunur. May ayında ABŞ-da enmə tempi 6 milyon, Kanadada isə 1,5 milyon nəfərdən çox olub. Bununla yanaşı, ekspertlər “Facebook”-un istifadəçi auditoriyasının izafiliyi haqqında birmənalı nəticələr çıxarmağa tələsmir və artım tempinin zəifləməsini mövsümi faktorlarla da əlaqələndirirlər. Mütəxəssislər sosial şəbəkənin populyarlığının artmasına dair uzunmüddətli tendensiyaların aşkar edilməsi üçün vəziyyəti diqqətlə izləyəcəklərini bildiriblər.

14 İyun, 2011  01:29 Baxılıb: 1389

Bu bölmədə