Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda güclü külək altı ağacı kökündən qopardı

Güclü külək paytaxtın 20-yə yaxın rayonunda altı ağacı kökündən qoparıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib: “Əməkdaşlarımız tərəfindən şəhərin yaşıllıqları tam nəzarət altındadır. Bakının bir neçə rayonunda altı ağacın kökündən qopması ilə bağlı məlumat daxil olub. Onlardan bəziləri bərpa edilib. Bərpadan sonra inkişafını davam etdirə bilməyəcək vəziyyətdə olan ağaclar isə kəsilərək ərazidən götürülüb.

Bundan başqa, küləyin təsirindən paytaxtın 20-yə yaxın ərazisində ağacların budaqları sınıb, əyilərək qəzalı vəziyyətə düşüb. Həmin ağacların qəzasını aradan qaldırmaq üçün müvafiq tədbirlər aparılır.

Külək paytaxt ərazisində çox ciddi fəsadlar yaratmayıb. Xoşbəxtlikdən xəsarət alanlar olmayıb. Birliyin bütün şəxsi heyəti Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, gücləndirilmiş iş rejimində çalışır. Küləyin sürəti azalana qədər əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.

Birlik rəsmisi vurğulayıb ki, vətəndaşlar ağac aşmaları, yaşıllıqlarla bağlı hər hansı problemlə rastlaşanda (012) 570 73 30 / 440 15 34 şəhər nömrələri vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttinə müraciət edərək, məlumat verə bilərlər.(oxu)

10 Fevral, 2020  10:21 Baxılıb: 2226

Bu bölmədə