Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Həsənov: «Diffamasiya haqqında» qanunun qəbul etməyə hazırıq

"Azərbaycanda neçə illərdir, jurnalist fəaliyyətinə görə həbsə alma dondurulub"

Azərbaycanda «Diffamasiya haqqında» qanun bu il qəbul edilə bilər. Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.


Ə. Həsənov deyib ki, diffamasiya ilə bağlı Azərbaycan hakimiyyətinin rəyi birmənalıdır: «Azərbaycan prezidenti ötən il Mətbuat Şurasında keçirdiyi görüş zamanı bəyan etdi ki, Azərbaycanda neçə illərdir, jurnalist fəaliyyətinə görə həbsə alma dondurulub, buna moratorium qoyulub. Bütövlükdə «Diffamasiya haqqında» qanunu qəbul etməyə hazırıq. Yetər ki, Avropa və bütün dünya mətbuat siyasəti, diffamasiya ilə bağlı bütün ölkələrə eyni səviyyədə yanaşsın və ayrı-seçkilik qoymasın. Bir ölkə üçün nəzərdə tutulan tələblər digər ölkələrə də şamil olunsun».


Ə. Həsənov onu da qeyd edib ki, Mətbuat Şurasının «Diffamasiya haqqında» qanunla bağlı layihəsi var, Avropa strukturları da bu layihə ilə tanışdır: «Düşünürük ki, bu il qanun qəbul oluna bilər. Azərbaycan hakimiyyətinin iradəsi ondan ibarətdir ki, söz və mətbuat sahəsində siyasi plüralizmə xidmət edən prinsiplər bir az da inkişaf etdirilsin, azad medianın dairəsi getdikcə genişlənsin».

13 İyun, 2011  19:12 Baxılıb: 1024

Bu bölmədə