Simsar.az | bizi özünüzə Simsar bilin
Əflatun Amaşov beynəlxalq konfransda çıxış etdi

Mətbuat Şurası vahid informasiya portalının yaradılmasında əsas təşəbbüskarlardan biridir

Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans başa çatıb. Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, konfransda iştirak edən şura sədri Əflatun Amaşov tədbirdə çıxış edib. Şura sədri bildirib ki, Azərbaycan Mətbuat Şurası təkcə Müstəqil Dövlətlər Birliyi deyil, eyni zamanda Şərqi Avropa məkanında kifayət qədər oturuşmuş struktura malik institutdur: «Şuranın təcrübəsi dəfələrlə regional səviyyəli toplantılarda yüksək dəyərləndirilib və model kimi qəbul edilib. Bununla belə Kişinyovda medianın özünütənzimləməsinə həsr olunmuş tədbirdə iştirak vacibdir və əldə edəcəyimiz nəticələrin daha faydalı fəaliyyət baxımından əhəmiyyətli olacağını düşünürük».

Tədbir MDB məkanında fəaliyyət göstərən MŞ-nin vahid informasiya portalının yaradılması barədə qərarın qəbulu ilə yekunlaşıb. Ə. Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası vahid informasiya portalının yaradılmasında əsas təşəbbüskarlardan biridir. O məlumat verib ki, portalda medianın özünütənzimləməsinə dair materiallar, bu sahədə mövcud təcrübələr, müzakirələr əksini tapacaq.

Qeyd olunub ki, Rusiya, Ukrayna, Moldova, eləcə də Qərbi Avropa ölkələrindən də nüfuzlu media ekspertlərinin qatıldıqları toplantının təşkilində prioritet vəzifələrdən biri regional miqyasda media qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə dəstək göstərilməsi olub. Bu baxımdan konfransın proqramına vahid koordinasiya mərkəzinin yaradılması ətrafında müzakirələrin aparılması da daxil edilib. Tədbirdə, həmçinin sosial şəbəkələr və onların ictimai tənzimlənməsi ilə bağlı fikir mübadilələri də aparılıb.
Beynəlxalq konfransda MŞ sədri Ə.Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak ediB.

10 İyun, 2011  21:40 Baxılıb: 1077

Bu bölmədə