Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan və Sloveniya prezidentləri birgə bəyanatla çıxış etdi-FOTO

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün indi yaxşı şərait yaranıb" 

Danilo Türk: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq" 

Azərbaycan prezidenti İlham Əliyevin Sloveniya səfəri davam edir. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra prezident İlham Əliyevin və Sloveniya prezidenti Danilo Türkün birgə mətbuat konfransı olub.
Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.
Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində salamladı və bu səfərin uğurlu keçəcəyinə əminliyini bildirdi.

Prezident Danilo Türk 2009-cu ildə Azərbaycana rəsmi səfərini xatırlayaraq bildirdi ki, həmin səfər və Prezident İlham Əliyevin Sloveniyaya bu səfəri ikitərəfli münasibətlərin nəzərdən keçirilməsi üçün yaxşı fürsətdir.

“Son dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 10 dəfə artıb və iqtisadi əlaqələri daha da genişləndirmək üçün yeni sazişlərin imzalanması nəzərdə tutulur”, - deyən Prezident Danilo Türk bildirdi ki, Sloveniya Avropa məkanında sülh və təhlükəsizliyin qorunub saxlanmasına böyük diqqət yetirir, bu mənada ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Sloveniya dövlətinin başçısı bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının birgə bəyanatının əhəmiyyətinə toxundu və onu mühüm sənəd adlandırdı.

Azərbaycan Prezidenti İlham Əliyev qonaqpərvərliyə görə Sloveniya Prezidentinə təşəkkür etdi. Bildirdi ki, dövlət başçıları arasında olan təmaslar səmərəlidir.

Sloveniya bu bölgədə Azərbaycanın vacib tərəfdaşıdır, - deyən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına diqqət yetirir və ölkəmiz çalışır ki, çoxşaxəli ixrac imkanlarını daha da genişləndirsin. Hazırda Azərbaycanın qaz ehtiyatlarının 2,2 trilyon kubmetr olduğunu deyən dövlətimizin başçısı indi “Cənub” dəhlizi layihəsi ilə bağlı danışıqların aparıldığını və bu məsələdə bütün maraqların nəzərə alındığını bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, aparılan danışıqlar nəticə verəcək və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. “Münaqişənin ədalətli həlli üçün indi yaxşı şərait yaranıb”, - deyən Prezident İlham Əliyev status-kvonun dəyişdirilməsinin vacib olduğunu vurğuladı.

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar.

10 İyun, 2011  19:24 Baxılıb: 980

Bu bölmədə