Simsar.az | bizi özünüzə Simsar bilin
İnzibati Xətalar Məcəlləsində dəyişiklik

Əcnəbilərlə bağlı maddələr sərtləşdirildi

APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında dəyişiklik layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində olma, yaşama və ya tranzit keçmə qaydalarını pozması, buna hüquq verən sənədlər olmadan, habelə qeydiyyatsız, etibarsız sənədlərlə yaşaması, gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, işə düzələrkən qanunvericilikdə müəyyən olunmuş qaydalarını pozması, bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməməsi, qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırması qanunvericiliyin pozulması hesab olunacaq. Ölkə ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək cərimə ediləcəklər.

Əcnəbiləri Azərbaycana dəvət etmiş və onlara yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya ölkədə daimi yaşayan əcnəbilər həmin şəxslərin müvəqqəti olma müddəti bitdikdən sonra müəyyən olunmuş qaydada vaxtında ölkə ərazisindən çıxmasının təmin edilməsi üçün tədbir görülməməsinə görə 300 manatdan 400 manatadək cərimə olunacaq.
Azərbaycanda əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən, onların ölkə ərazisində olması, yaşaması və ya Azərbaycan ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycanda olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin müəyyən edilmiş qaydada pozulmasına görə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimə ediləcək.

Ə. Hüseynli, həmçinin bildirib ki, Məcəlləyə edilmiş əlavəyə əsasən işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək miqdarda, hüquqi şəxslər isə 30 min manatdan 35 min manatadək cərimə olunacaqlar. Dəyişikliklər müzakirələrdən sonra təsdiqlənib.

10 İyun, 2011  19:24 Baxılıb: 1105

Bu bölmədə