Simsar.az | bizi özünüzə Simsar bilin
HİDAYƏT ORUCOVUN KOMİTƏSİNDƏN ZİDDİYYƏTLİ AÇIQLAMALAR

“Sənəddəki rəqəmlər obyektivliyə yaxındır... hesabat ölkədəki real vəziyyəti əks etdirmir” 

İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) Azərbaycan üzrə hesabatına Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi münasibət bildirib. Hidayət Orucovun sədri olduğu komitə cavab reaksiyası ilə göstərir ki, komissiyanın sonuncu hesabatının “Dini qruplar” bölməsində bir sıra müsbət amillər öz əksini tapıb. 

Komitənin yaydığı məlumatdan: “Sənəddə bildirilir ki, Azərbaycanda ən məşhur dini qruplar (xüsusilə qeydiyyatdan keçmiş müsəlman və yəhudi icmaları, o cümlədən ortodoks və katolik kilsələri) öz dini azadlıqlarından istifadə edərkən hər hansı çətinliklə üzləşmirlər. Sənəddəki rəqəmlər obyektivliyə yaxın olsa da, bəzi məqamların dəqiqləşdirilmədən, ətraflı öyrənilmədən verildiyi açıq-aşkar görünür.

İcmalda göstərilir ki, guya bəzi dini qurumlara qarşı ayrı-seçkilik edilir, hüquq-mühafizə orqanları tərəfindən təzyiqlər olunur.

Dövlət Komitəsi hesab edir ki, Azərbaycanda din sahəsində heç bir ayrı-seçkiliyə yol verilmir: “Hesabatda iddia olunur ki, guya hökumət arzuolunmaz dini qurumlara qarşı qeydiyyatdan keçmə prosesindən istifadə edir. Halbuki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra qeydiyyat qaydaları daha da sadələşdirilib. İcmalda qeyd edilmiş digər iradlarla (polisin dini mərasimə müdaxiləsi, dindarların tutulub saxlanılması) əlaqədar bildiririk ki, belə hallar yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir və bunu dini etiqad azadlığının pozulması, yaxud dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək düzgün deyil.

Komitə hesabatı təhlil edərək təəssüf hissi ilə bildirir ki, bəzi informasiyalar etibarlı olmayan mənbələrdən alınıb, dəqiqləşdirilməmiş və dərindən yoxlanılmadan sənədə daxil edilib: “İcmalın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlili, konkret faktlar əvəzinə, yalnız ümumi sözlər və qiymətləndirmələr yer alıb. Bir sözlə, hesabat ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır”.

RUSLAN

9 İyun, 2011  16:50 Baxılıb: 1623

Bu bölmədə