Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan ordusu 30 ən güclü ordu arasında yer alacaq - PROQNOZ

“Global Firepower” təşkilatının tərtib etdiyi reytinqdə Azərbaycan Silahlı Qüvvələrinin (SQ) 52-ci yerə yüksəlməsi ordumuzda son bir ildə aparılan islahatlar, texniki imkanların gücləndirilməsi üçün həyata keçirilən satınalmalar və bunun da nəticəsində döyüş qabiliyyətinin artırılması ilə bağlıdır. Bu fikirləri hərbi ekspert Ramil Məmmədli “Global Firepower”in 2019-cu il üçün ən güclü orduların siyahısını şərh edərkən deyib.

“Silahlı Qüvvələrin reytinq cədvəli bir neçə meyar üzrə müəyyən edilir. Bunlar SQ-nin texniki imkanları, nizam-intizamı, şəxsi heyətin sayı və döyüş bacarığı ilə bağlıdır. Bu dörd meyar əsas götürülür.Əlbəttə ki, son beş ildə Azərbaycan ordusunda irimiqyaslı islahatlar keçirilib. Bu islahatlar, əsasən, ordunun komplektləşdirilməsi, yeni hərbi hissə və bölmələrin yaradılması, ordunun ən müasir texnikalarla təchiz olunması ilə bağlıdır”, - o bildirib.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan ordusunun silahlanmasında müasir döyüş aparmaq üçün nəzərdə tutulan texnikalar yer alıb: “Müasir pilotsuz uçuş aparatları bu qəbildəndir. Bundan başqa, yeni raket-artilleriya bölmələri müasir texnikalarla təchiz olunub. Azərbaycan son bir neçə ildə İsrail, Rusiya və Çexiyadan raket-artilleriya bölmələrinin gücləndirilməsi üçün satınalmalar həyata keçirib. Buna Belarusdan aldığımız “Polonez” reaktiv yaylım atəşi sistemini, Çexiyadan “Dana” özüyeriyən artilleriya qurğusunu misal göstərmək olar.

Azərbaycan Silahlı Qüvvələrinin əsas bazası artıq hücum xarakterli texnikalardan ibarətdir. Bu da Azərbaycan ordusunun təyinatını, niyyətini göstərir. Dünya ölkələrinin SQ-lərinin gücünü, bacarığını, imkanlarını təhlil edən qurumlar da məhz bu məqamlara diqqət yetirirlər”. Qeyd edək ki, 2019-cu ilin ən güclü orduları siyahısında Azərbaycan ötənilki reytinqlə müqayisədə bir pillə irəliyərək 52-ci yeri tutub. Ermənistan isə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.(oxu)

25 İyul, 2019  12:35 Baxılıb: 849

Bu bölmədə