Simsar.az | bizi özünüzə Simsar bilin
Günay Malikqızı yazır: "Anaların yetişdirdiyi “oğluşumlar”

“Oğul valideynləri üçün nemətdir. Oğul düşmən çəpəridir”, - deyən millətin yetişdirdiyi düşmən çəpərindən danışmaq istəyirəm bu gün. Son illər gördüklərimdən, eşitdiklərimdən, sonra daha çox düşünməyə başlamışam ki, düşmən çəpəri əvəzinə özümüzə düşmən yetişdiririk. Ailələrdə oğlan övladı xüsusi əzizləmək, qızları da bir başqa “yetişdirmək” bizdə ta qədimdən olub. Amma gərək əvvəlki nəsillərin haqqına girməyək, oğlanı əzizləməklə yanaşı, heç olmasa  onları bərkə-boşa da salırdılar.

İndiki halda isə anaların “oğulmaniyası” artıq kritik həddə çatıb. Balaca yaşda anasının paltarından yapışan oğlanlar böyüyür, amma bir əli yenə anasının ətəyində... Analardan əli üzməkdən, onları sevməmək və ya saymamaqdan söhbət getmir. Söhbət oğlunu arxasınca salıb, yediyinə, geyindiyinə, oynamağına nəzarət edən, boyu boyundan hündür olanda da tərləyəndə kürəyinə quru dəsmal qoyan anaların sonra öz yetişdirdikləri oğullarından giley-güzar etmələrindən gedir.

Axı balaca vaxtından məktəbli çantasını belə daşımayan oğul sonra o ananın nazını necə çəkəcək, ahıllıq yükünü necə daşıyacaq? Fikir vermisiniz, analar qız övladlarına “Qardaşına onu gətir, bunu gətir” cümləsini nə qədər çox işlədirlər?

Oğlana iş buyuran anaların sayı get-gedə azalır. Sonra isə evdə 3-4 oğlu olan ana özü zibil atır. “Zibil atmağın bura nə dəxli var?!” deyənlər, çox dəxli var. Bu, xırda məqamlardır, böyük problemlərin carçısı.

“İndi neyləyək, uşağımıza baxmayaq, buraxaq çölə ki, sizə xoş gəlsin?” deyənlərin səsini çox aydın eşidirəm. Yox, mənə xoş gəlmək üçün heç nə etməyin. İlk növbədə özünüzü düşünün.

İndiki zamanda oğlanlarda kişi xüsusiyyətlərinin az olduğundan danışan əziz  qadınlar, sizə bir pis xəbərim var: o oğlanları biz böyüdürük. Güclə ağzına yemək basdığımız oğullarımız bir az keçir, nə qədər yemək yeməli olduqlarını anlaya bilmirlər. Doyub-doymadıqlarını biımək üçün anasının üzünə baxan o oğullardır ki, sonra başqa bir qadın nəvazişinə anasının neçə illik zəhmıtinin üstünə xətt çəkə bilir.

Qərar verməyi bacarmayan, özünü sözünün sahibi hiss etməyən oğullardan şikayət edəndə, əslində, özümüzdən, yəni o oğlanları böyüdən analardan şikayətlənirik. Axı, bu gün qərarsız kişi, sabah, bədbəxt qadınların sayının çox olması deməkdir. Özü də qadın deyəndə ancaq o kişilərin arvadını yox, anasını da düşünün. Bu gün “oğlum məndən ayrı yata bilmir” deyən ananın sabah gözünə yuxu getmir. Adını qısaldıb, arxasına “işka”, “ik”  “ka”, nə bilim, başqa əlavələr edib, əzizlədiyimiz balaca oğlanlar, böyüyüb, sözü bir, əməli bir kişi olmalıdır. Kişi yetişdirmək deyəndə, nədənsə oğlana balaca yaşından söyüş söyməyi öyrətmək başa düşürük.

“Qaçma” qışqırıb, qaçmağı belə öyrətmədiyimiz oğlanlar bir az keçir, yaşca böyüklərin anasının, atasının üstünə qışqırmağı yaxşı bacarırlar.  “Oğlanlarımızı əzizləməməliyik” demirəm, amma onları sözlərinin əri olmağı, çətinliklərdən qorxmamağı, cəsarətli, ən əsası, etibarlı olmağı öyrətməliyik. Oğul vurmalı, dağıtmalı deyil, (yeri gələndə onu da bacarmalıdır) oğul vurdurmamalı, dağıtdırmamalıdır.

Axı qadının sevgisi ucaltmalıdır, hədsiz sevgidən zəiflətdiyimiz oğullarımızın eləmədikləri, bacarmadıqları, öyrətmədiklərimizdir problemin əsası.  İncə bir xətt var. O xəttin üstündə isə bir-birindən fərqli iki tərəf. Bir tərəfdə kişi xüsusiyyətləri ilə yetişən oğulun anasını, ailəsini vətənini sahiblənməsi, digər tərəfdə isə “mama balası” deyib, narazılıq etdiyimiz oğlanlarımız. Bu xətti biz çəkirik, üstündəki tərəfləri də biz yaradırıq. O incə cizgi isə bir millətin onurğa sütunudur. İkinci tərəf ağırlıq eləməsə, yaxşıdır.(oxu)

19 İyun, 2019  18:05 Baxılıb: 1524

Bu bölmədə