Simsar.az | bizi özünüzə Simsar bilin
Siyasilər kitab mükafatından danışıblar

Müsavat Partiyasının başqanı İsa Qəmbər: “Bu müsabiqə ölkənin mədəni hadisəsinə çevrilib”

Milli Kitab Mükafatının (MKM) keçirdiyi son müsabiqənin nəticələri hələ də müzakirə mövzusudur. Xatırladaq ki, nəticədən narazı qalan 3 münsif üzvü müsabiqədən, 3-cü yerin sahibi Natiq Rəsulzadə isə mükafatdan imtina ediblər. 


Müsabiqədən münsif üzvlüyündən imtina edən, Yazıçılar Birliyinin katibi Rəşad Məcidin fikrincə, birinci yeri tutan Pərviz Cəbrayıl “Yad dildə” romanında hakimiyyəti tənqid edildiyinə görə qalib olub və o, bunu layihənin təşkilatçısı Nigar Köçərlinin siyasi addımı kimi qiymətləndirib.

Bəs mübahisə doğuran roman barədə kitabsevər olmaları ilə tanınan müxalifət liderləri nə düşünür? Ümumiyyətlə, müsabiqəyə təqdim olunan və ilk onluğa düşən əsərlərdən hansı ilə tanışdırlar?

Müsavat Partiyasının başqanı İsa Qəmbər MKM-nin keçirdiyi bu müsabiqəni təqdir edərək, ümumilikdə prosesləri izlədiyini bildirdi. Öncə qalibi təbrik edən İ.Qəmbərin fikrincə, bu cür müsabiqələr kitablara oxucu marağını artırmağa kömək edir: “Mən əvvəla Pərviz bəyi qalib olması münasibətilə təbrik edirəm. İnanıram ki, Pərviz Cəbrayılın yeni-yeni uğurlu əsərlərinin şahidi olacağıq. Əlbəttə, müxtəlif məsələlərə müxtəlif cür fərqli yanaşmalar olur. O cümlədən Milli Kitab Mükafatının təsis edən Nigar Köçərlinin bu istiqamətdə fəaliyyəti sağdan-soldan tənqidlərə, iradlara, bəzən maneələrə məruz qalsa da, o xanım öz ideyasını reallaşdırmağa nail olur və onun təsis etdiyi təşkilat Azərbaycanda kitabların yayılması, daha çox oxunması və daha yaxşı satılması üçün fəaliyyətini davam etdirir. Hesab edirəm ki, bu müsabiqə ölkənin əsas mədəni hadisələrindən birinə çevrilə bilib və bu şəkildə davam etməsi məqbuldur”.

Müsabiqəyə etiraz edənlərə gəlincə Müsavat başqanı bunları dedi: “Əgər bu hansısa münsif üzvünü qane etmirsə, bu onların şəxsi fikridir. Biz də hansısa qərarlardan narazı ola bilərik. Belə məsələlərə səbirli yanaşmaq lazımdır. Kiminsə də bu müsabiqəyə narazılığı varsa, hazırkı müsabiqənin fəaliyyətinə kölgə salmaq, zəif təqdim etməklə yox, daha yaxşı müsabiqə təşkil etməsi mümkündür”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə rüşvətxorluğun tüğyan etdiyi Azərbaycanda istənilən sahədə obyektiv müsabiqə keçirilməsinə inanmır: “Əvvəla, onu deyim ki, o əsərlərdən heç birini oxumamışam. Azərbaycan kimi cəmiyyətdə ümumiyyətlə, obyektivlik, həqiqət axtarmaq mənasızdır. Bir halda ki, hər şey rüşvətlə, tapşırıqla, qohumbazlıqla bağlıdırsa, təbii ki, bu cür müsabiqələrin də nəticəsinə obyektiv yanaşmaq lüzumsuzdur.
S.Cəlaloğlu hesab edir ki, ədəbi yaradıcılığın qiymətini ekspert yox, oxucu verməlidir: “Bu müsabiqələrin bir hakimi–mütləqi var: o da oxucudur. Əgər həmin kitab ən böyük tirajla çıxıbsa, bestseller olubsa, insanlar onu əl-əl axtardığı üçün artıq satışda yoxdursa, burda hansısa bir ədəbiyyat xadiminin buna necə qiymət verməsinin əhəmiyyəti yoxdur, deməli, o kitab ilin kitabıdır. Həmin kitabların münsif heyəti də oxucu özüdür. O yerdə ki, mütəxəssis bu məsələyə qiymət verir, bu müsabiqə yox, ədəbiyyat tənqidçiləri, ekspertlər tərəfindən qiymətləndirmədir. Belə müsabiqələrin nə üçün keçirilməsi mənim üçün aydın deyil. Dünyanın hansı ölkəsində belə bir müsabiqə keçirilir? Ola bilsin poliqrafiyada kitabın tərtibatına, keyfiyyətinə, dizaynına görə yarış keçirilsin, amma yaradıcılıq, bədii fikir necə yarışmaya çıxarıla bilər? Məsələn, Nizami ilə Füzulinin sözü necə müqayisə edilə bilər. Çağdaş Azərbaycan ədəbiyyatında biri dedektiv janrda yazır, digəri sentimental yaradıcılığını üzə çıxarır. Ən müxtəlif janrlar eyni müsabiqədə necə müqayisə edilə bilər? Hər bir ədəbi nümunə özünün üslubunda yazılır və bu üslub da həmin əsərin təbiətinə təsir edir. Azərbaycan oxucusu üçün macəra, romantik, dedektiv, fantastik, realist janrlarda ədəbi əsərləri oxucuya təqdim edib müəyyənləşdirmək olar ki, oxucu bu gün hansı mövzuya üstünlük verir. Yəni, bu baxımdan müsabiqə özü də mübahisəli məsələdir”.

ADP sədrinin fikrincə, zövq individual olduğundan yaradıcılığı müsabiqə yolu ilə müəyyənləşdirmək doğru deyil.

7 İyun, 2011  22:15 Baxılıb: 988

Bu bölmədə