Simsar.az | bizi özünüzə Simsar bilin
Suriyada polis qətliyamı

Media cəsədlərin şəkillərini yayımlayır

Türkiyənin NTV telekanalı məlumat yayıb ki, dünən Suriyadakı silahlı qruplar Cisr Eş Şuğur qəsəbəsində polis şöbəsinə hücum çəkiblər. 

Suriya Dövlət Televiziyası 120 polis əməkdaşının öldürüldüyü barədə xəbər yayıb. Müxaliflərin çoxlu sayda hökumət binalarını yandırdığı qəsəbədə bu gün səhər saatlarına qədər davam edən qanlı qarşıdurmada 38 mülki şəxs də həyatını itirib.

Suriyanın informasiya naziri Adnan Mahmud Suriya Dövlət Televiziyasına açıqlamasında deyib ki, Cisr Eş Şuğur qəsəbəsində çoxlu sayda terrorçu var və terrorçu qruplara qarşı hər cür vasitədən istifadə olunacaq. Bölgədə əməliyyatların davam etdiyini və Cisr Eş Şuğurun mühasirəyə alındığını bildirən Adnan Mahmud qeyd edib ki, terrorçular mülki şəxslərdən qalxan kimi istifadə edirlər. O, terrorçuların hərbi təlim keçdiklərini, avtomatik silahlardan, əl bombalarından və partlayıcılardan istifadə etdiklərini söyləyib.

Bölgədən qaçan bəzi insanlar dövlət qurumlarında çalışan insanların bir neçə gündür ki, binalarda mühasirədə saxlanıldıqlarını, silahlı qrupların öldürdükləri onlarla insanın parçalanmış cəsədlərinin qəsəbənin müxtəlif yerlərindən asıldığını dilə gətiriblər.

Bu arada Cisr Eş Şuğurda silahlı qrupların bir polisi edam etdiyini göstərən bir videogörüntü sosial şəbəkələrdə yayılmağa başlayıb. Bu silahlı qrupların öldürdükdən sonra Asi çayına atdıqları bəzi əsgərlərin cəsədləri də Suriya mediasında yayımlanır.

Qeyd edək ki, 3 aydır ki, Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə hökumət əleyhinə keçirilən aksiyalar səngimir. İndiyə qədər baş verən qanlı qarşıdurmalarda 1200 nəfərə yaxın insan həyatını itirib.

7 İyun, 2011  16:04 Baxılıb: 1292

Bu bölmədə