Simsar.az | bizi özünüzə Simsar bilin
Leyla Əliyeva: "Qarabağ münaqişəsi ədalətli həllini tapacaq"- Yenilənib

Sankt-Peterburqdakı Tavriçeskiy sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı davam edir.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yarandığı gündən RAGT-ın müasir cəmiyyət üçün vacib struktur olduğunu sübut etdiyini qeyd etdi.

“Leyla Əliyevanın fəal mövqeyi və təşkilatçılıq qabiliyyəti sayəsində RAGT cəmi iki ilə Azərbaycanın geniş Rusiya ərazisində hiss ediləcək səsi oldu”.

Onun sözlərinə görə RAGT gənclər arasında qarşılıqlı münasibətlər, Rusiya-Azərbaycan əlaqələrinin ənənəvi dostluğunun bütün sahələri üçün vacib və lazımi vasitə oldu.

Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycanın gənclərlə bağlı siyasətindən və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramı barədə məlumat verdi.

“RAGT-ın çoxşaxəli fəaliyyəti Rusiyada Azərbaycan gənclərinin fiziki və mənəvi saglamlığının dəstəklənməsinə yönəlib”.

Nazir qeyd etdi ki, RAGT lazımi və xeyirli iş üsullarından istifadə edərək, mədəniyyət, maariflənmə, sosial layihələr vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına töhvələr verir.

“RAGT iki istiqamətli hərəkəti olan körpüdür. Azərbaycan və Rusiya bu başlanğıcın uğurunda maraqlıdırlar”.

Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov öz çıxışında Rusiya Azərbaycan münasibətlərinin SSRİ dağıldıqdan sonra dövrünə toxunaraq, qarşılıqlı münasibətlərin yüksək səviyyəsinin vacibliyini vurğulayıb.

O bildirib ki, Azərbaycan Rusiya ilə münasibətlərə diqqətlə yanaşır.

“İki ölkənin gəncləri qarşısında münasibətlərin daha da möhkəmlənməsi yolunda böyük vəzifələr dayanır. Münasibətlərdə yüksək səviyyə iki ölkə başçısı Prezidentlər İlham Əliyev və Dmitri Medvedev tərəfindən dəstəklənir. Bu gün Rusiyada Azərbaycan gənclərinin qarşısında elmi, mədəni, təhsil sahələrində əlaqələrin möhkəmləndirilməsi üçün imkanlar açılır.

Rusiyadakı tələbələr təkcə təhsil potensialı deyillər, onlar həmçinin Azərbaycan reallıqlarının qeyri-rəsmi səfirləridirlər. Onlar Rusiya mədəni və elmi ictimaiyyətinə bizim ölkənin uğurlarını çatdırmalıdırlar. Mən şadam ki, son iki il ərzində bu missiyanı RAGT uğurla həyata keçirir”.

10:27

Simsar.az-ın AzərTAca istinadən verdiyi xəbərə əsasən, iki gün davam edəcək bu tədbir RAGT-nin yaradılmasının ikinci ildönümünə həsr olunmuşdur. Konfransda Rusiyanın bütün regionlarını təmsil edən RAGT nümayəndələri iştirak edirlər.

Konfransın əvvəlində Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyeva tədbirdə çıxış etmişdir. O, təşkilatın iki illik fəaliyyəti barədə məlumat verərək vurğulamışdır ki, bu dövrdə kifayət qədər yaxşı nəticələr əldə edilmişdir. RAGT sədri bildirmişdir ki, təşkilatın coğrafiyası genişlənir, indi Moskva və Sankt-Peterburq ilə yanaşı Arxangelsk, Tver, Yekaterinburq və bir sıra başqa regionlarda da azərbaycanlı gənclərin klubları fəaliyyət göstərir.

Leyla Əliyeva RAGT-nin iki illik fəaliyyəti dövründə keçirilmiş aksiyalar, tədbirlər və görüşlər barədə də məlumat vermişdir. O, “Xocalıya ədalət” kampaniyasına xüsusi diqqət yetirərək qeyd etmişdir ki, bu aksiya sayəsində dünyada insanların getdikcə daha çox hissəsi Azərbaycan xalqına qarşı törədilmiş bu faciədən xəbər tutur. Leyla Əliyeva əmin olduğunu bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

Konfransda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, gənclər və idman naziri Azad Rəhimov, MDB Parlamentlərarası Assambleyasının Baş katibi Mixail Krotov, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Sankt-Peterburq Administrasiyasının Gənclər Siyasəti Komitəsinin sədri Aleksandr Nikolayev, Sankt-Peterburq Dövlət Universitetinin prezidenti Lyudmila Verbitskaya, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Rusiya Prezidentinin Sankt-Peterburqdakı səlahiyyətli nümayəndəsi Aleksandr Volox, Latın Amerikası gənclər təşkilatının vitse-prezidenti Xulian Luqo Mendes, Moskvanın, Sankt-Peterburqun və Mərkəzi Federal dairənin gənclər təşkilatlarının nümayəndələri də çıxış etmişlər.

Axşam Petropavlovsk qalasının Narışkin bastionunda RAGT-nin yaradılmasının ikinci ildönümünə həsr edilmiş konsert olmuşdur.

İyunun 5-də konfransın işi panel diskussiyaları çərçivəsində davam edəcəkdir. Elə həmin gün Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın əsaslı təmirdən sonra təntənəli açılış mərasimi olacaqdır.

6 İyun, 2011  01:07 Baxılıb: 1081

Bu bölmədə