Simsar.az | bizi özünüzə Simsar bilin
Elşad Məmmədli Ramil Usubova müraciət etdi

JURNALİST VƏKİLİ İLƏ MƏSLƏHƏTLƏŞİB

Cinayət Məcəlləsinin 221.3 maddəsilə (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) mühakimə olunan Nemət Pənahlının qardaşı oğlu Pənah Pənahlı “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədlini döyüb öldürməklə hədələyib. Bu barədə qəzetimizin ötən sayında xəbər vermişdik. Xatırladaq ki, P.Pənahlının bu davranışına səbəb Elşad Məmmədlinin “Yeni Müsavat” qəzetində dərc edilən “Qiyam ayı başladı” başlıqlı məqaləsi olub. 

Bu yazıda söhbət 4 iyun qiyamından və onun iştirakçılarından gedir. Yazı ilə bağlı Pənah “Yeni Müsavat”ın əməkdaşlarından birinin mobil telefonuna zəng edib və Elşad Məmmədli ilə danışmaq istədiyini bildirib. O, E.Məmmədli ilə danışarkən “sən kimsən, nə haqqın var Nemət Pənahlı haqqında yazırsan” deyərək əməkdaşımızı təhqir edib. Həmin vaxt yanında xanım əməkdaşlar olduğu üçün onun təhqirlərinə cavab verməyən E.Məmmədli daha sonra ona nə üçün bu tonla danışdığına aydınlıq gətirməsi üçün zəng edib. Bu dəfə də P.Pənahlı aqressiv tonda danışaraq əməkdaşımızı daha nalayiq ifadələrlə təhqir edib və onu döyməklə, öldürməklə hədələyib. O, əməkdaşımıza “bir yerə çıx, səni başa salım” deyərək hədələyib.
Elşad Məmmədli P.Pənahlının təhdidlərini həyatına real təhlükə hesab edir. Bu üzdən o, hüquq-mühafizə orqanlarına müraciət hazırlayır. Əməkdaşımız P.Pənahlının cəzalandırılmasını tələb edəcək.
Bizə açıqlamasında E.Məmmədli bildirdi ki, artıq bu məsələ ilə bağlı vəkili ilə məsləhətləşmələr aparıb. Onun sözlərinə görə, DİN-ə göndəriləcək məktubun mətni hazırlanır: “Onu çox güman ki sabah DİN-ə təqdim edəcəyik. Jurnalist kimi məqsədim Pənah kimi əhəmiyyətsiz bir adamı həbs etdirmək yox, jurnalistlərə qarşı hücum tendensiyasının qarşısını almaqdır. O, bu hərəkətinə görə inzibati cəza almalıdır ki, digərləri onun bu hərəkətindən ilham alıb, jurnalistlərə hücuma keçməsinlər”.

4 İyun, 2011  18:12 Baxılıb: 1210

Bu bölmədə