Simsar.az | bizi özünüzə Simsar bilin
BEYNƏLXALQ BANK ÖZƏLLƏŞDİRİLİR

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi iki mərhələdə həyata keçiriləcək

Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalında dövlətin iştirak payının özəlləşdirilməsi prosesi iki mərhələdə həyata keçiriləcək.

Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

Onun sözlərinə görə, özəlləşdirmənin I mərhələsində məsləhət xidmətləri, II mərhələsində isə təkliflərin qəbulu və digər işlər nəzərdə tutulur: «Məsləhət xidmətləri dedikdə, «Pricewaterhouse Coopers» və «Salaans & Rotşeld» şirkətlərinin iştirak etdiyi konsorsium dövlətə konsaltinq xidmətləri göstərəcək. Növbəti mərhələdə isə digər bank təşkilatlarının özəlləşdirmədə iştirakı nəzərdə tutulur».

C.Hacıyev qeyd edib ki, I mərhələ yekunlaşdıqdan sonra təkliflərin qəbuluna başlanacaq. ABB xarici bankları da özəlləşdirmədə yaxından iştirak etməyə dəvət edir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 4 696,638 mln. manat, kredit portfeli 2 879,706 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 388,885 mln. manat, depozit portfeli 1 911,060 mln. manat, o cümlədən əmanətlərin həcmi 738,860 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 514,985 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat olub. Bankın ümumi gəlirləri I rüb üzrə 84,591 mln. manat, xərcləri 77,983 mln. manat, mənfəəti 6,608 mln. manat təşkil edib.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

3 İyun, 2011  21:29 Baxılıb: 1523

Bu bölmədə