Simsar.az | bizi özünüzə Simsar bilin
Vətənə sevgisiz əzadarlıq olmur - Hacı Şahin Həsənli yazır

Məlum olduğu kimi, sentyabrın 11-də məhərrəm ayı başlanır. Aşura günü isə, sentyabrın 20-sidir. Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası məhərrəm ayı ilə bağlı fətva verib. Fətvada bir sıra mühüm məqamlara toxunulub ki, bu haqda bir qədər geniş məlumat verməyi məsləhət bildik.

Beləliklə, məhərrəm cahiliyyət dövründən savaşların qadağa edildiyi dörd  aydan biridir. Lakin, çox təəssüf ki,  məhərrəm ayının onuncu, yəni Aşura günü İslam tarixinə Həzrəti Məhəmməd  (s.) peyğəmbərin əziz nəvəsi İmam Hüseyn (ə.) və Əhli-Beyt tərəfdarlarının Haqq uğrunda şəhid olduqları gün kimi düşüb. Olduqca düşündürücü bir məsələdir. Tarixə çəhrayi eynəklə baxmaqla nə keçmiş dəyişəcək, nə gələcək. Ona görə etiraf olunmalıdır ki, Kərbəla – saxta, qeyri-səmimi, düşüncəsiz əxlaq və inancın hakim kəsildiyi toplumun cinayətkar mahiyyətini üzə çıxaran bir faciədir.

Kərbəla metatarixi bir hadisədir. O, hər zaman aktual qalacaq ictimai və fərdi mövzuları özündə cəmləşdirən bəşər həyatının bir annotasiyasıdır. Ona görə də, məhərrəm əzadarlığı sıradan bir adət deyil, metatarixi gündəmdə saxlayan, yaşadan, dərk elətdirən bir ayindir. Bu hadisənin faciəvi tərəfi haqda deyilənlərə rəğmən, unutmamalıyıq ki, onun qəhrəmanları əks qütbdə duran insanlar idi – nikbin, səmimi, həyat eşqi ilə alışıb-yanan fədakarlar. Ona görə, məhərrəm əzadarlığı sırf keçmişə köklənməməli, tarixi ədalətsizliyi aşılamaqla kifayətlənməməlidir. Bu müsibətə kədərlənməklə yanaşı, onun baş qəhrəmanları kimi yaşamaq şövqü ilə ruhlanmaq lazımdır.  Əzadarlıq məclisi bədbinliq aşılaya bilməz, bu, onun hədəfləri ilə daban-dabana ziddir. Əzadarlıq onun üçün yaşadılıb ki, səmimiyyət və fədakarlığın qələbəsinə ümid güclənsin. Kərbəla hekayəti insanlığı qəhrəmanlığa təşfiq etmək, haqqı dəyərli saxlamaq üçün yazılıb. Bu hekayə ilə tanış olanın ürəyində nə fərdi, nə ictimai məsələlərdə bədbinliyə yer qala bilməz.

İmam Hüseyn (ə.) xalqımız üçün həmişə şəhidlik örnəyi olub. Hüseyn (ə.) kimi ölmək üçün onun kimi yaşamaq gərəkdir. O, şəhid həyatını xoşbəxt yaşayan, bu xoşbəxtliyi hamı ilə paylaşmaq istəyən və bu yolda canını fəda edən şəxsdir. Ona görə, şəhidlik ölüm deyil, həyat fəlsəfəsidir. Kərbəla da həyat məktəbidir. Bu məktəbi xalqımız içində yaşadanlar həyatları bahasına bizə həyat verən əziz şəhidlərimzidir. Onları yad etmədən, onların işinə sədaqət göstərmədən, Vətən təəssübü çəkmədən, Qarabağ sevdası ilə yaşamadan İmam Hüseyn (ə.) əzadarı olmaq mümkün deyil. Özü də elə bir Qarabağ ki, İmam Hüseyn (ə.) adı onun hər qarış torpağına, hər daş-divarına hopub.

Qeyd olunduğu kimi, Kərbəlanın faciəvi tərəfini yaradan saxta, qeyri-səmimi, düşüncəsiz əxlaq və inancın hakim kəsildiyi toplum idi. Deməli, İmam Hüseynlə həmdərd olmaq istəyən bu xüsusiyyətlərdən uzaq düşməlidir. Əxlaq və inanc insanlığın xoşbəxtliyinin zamini olmalıdır, insan eqosunun xidmətçisi yox.  Əzadarlıq məclislərinin görkəmindən də həyat eşqi saçmalıdır. Həqiqətən də, soyunmaq və ya baş yarmaq kimi ədəbdən uzaq və ikrah doğuran əməllər heç bir vəchlə Kərbəla amalları ilə mütənasib deyil. Xalqımızın gözəl Aşura ənənəsi var: xütbə və əzadarlıqla yanaşı, insanlar ehsan paylayır, yardımlaşır, bir-birinə dəstək olurlar. Son illərdə QMİ-nin təşəbbüsü ilə qanvermə aksiyaları da keçirilir. Aşura həyat və fədakarlıq məktəbidirsə, onu yaşadan ayinlərdən də həyat və fədakarlıq ətri gəlməlidir.

Fətvada toxunulan digər mühüm məsələ Vətənimizdə dövlət və xalq birliyi sayəsində dünyanı, xüsusilə müsəlman aləmini bürüyən terror və təxribatçılığın qarşısının alınmasıdır. Xalqın əsrlərlə yaşatdığı bu məktəb kimlərinsə siyasi ambisiyaları naminə siyasi alətə çevirilməməlidir. Aşura insanlıq sevgisi ətrafında hamını bir araya gətirən bir dəyərdir. Ondan parçalanma, təxribat, ayrı-seçkilik üçün istifadə etmək həm İmam Hüseynə (ə.), həm xalqımıza, həm də Allahın bizə lütf etdiyi ən böyük nemət olan müstəqil dövlətçiliyimizə qarşı xəyanətdir.

hacishahin.az

4 Oktyabr, 2018  14:18 Baxılıb: 261

Bu bölmədə