Simsar.az | bizi özünüzə Simsar bilin
Daha bir süpürgəçi qadın öldürüldü

Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. Səhər saatlarında küçədə hərəkətin intensiv olduğu saatlarda təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Virtualaz.org Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyinə zəng vurub, hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışıb. Oradan bildiriblər ki, yollarda təmizliyə İstehsalat Birliyinin tərkibindəki Təmizlik Departamenti baxır və onlarla əlaqə saxlamaq lazımdır.

Lakin həmin departamentdən telefon zənginə cavab verən qadın bildirib ki, onlar hadisə haqda eşitməyiblər. “Mənim xəbərim yoxdur, müdir də hazırda iclasdadır”-o bildirib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən də hadisə ilə bağlı şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Heydər Əliyev prospektində, Sabunçu körpüsünün üzərində süpürgəçi qadını “Kamaz” avtomobili ilə vuraraq öldürüblər. Bu hadisə geniş ictimai rezonans doğurub. İctimaiyyət sual edib ki, nəyə görə həərkət sürətinin saatda 120 kilometr olduğu təhlükəli yolda təmizlik işlərini xüsusi texnika yox, əli süpürgəli qadınlar həyata keçirir.

Bu hadisə ətrafında günlərlə davam edən müzakirələrdən sonra DYP Suraxanı rayon İcra Hakimiyyətində xüsusi tədbir təşkil edərək yol süpürənlərə işıq qaytaran xüsusi jiletlər paylayıb. Lakin belə görünür ki, bu jiletlər problemdən çıxış yolu deyil-süpürgəçi qadınlar yollarda ölməkdə davam edir...


9 Aprel, 2018  12:17 Baxılıb: 2560

Bu bölmədə