Simsar.az | bizi özünüzə Simsar bilin
AzTV sədri təqsirləndirilən şəxsdən 4,5 milyon tələb edir

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə təqsirləndirilən Şücayət Əkbərov vəsatətlə çıxış edərək, Arif Alışanovun məhkəmə prosesində iştirak etməsini istəyib. Əks təqdirdə məhkəmənin təxirə salınmasını xahiş edib.

Ş.Əkbərovun vəkili də həyatına sui-qəsd edildiyi, külli miqdarda dələduzluğa məruz qaldığı iddia edilən A.Alışanovun məhkəmədə iştirakının vacibliyini vurğulayıb: "Müdafiə etdiyim şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmir. Zərərçəkmişin məhkəmədə verəcəyi ifadəsi işin daha obyektiv və hərtərəfli araşdırılmasını təmin edəcək".

Zərərçəkmiş A.Alışanovun nümayəndəsi vəsatətin əsassız hesab olunmasını və təmin edilməməsini istəyib: "Mənim vəkili olaraq zərərçəkmişin adından ifadə vermək və sualları cavablandırmaq hüququm var. Əgər məhkəmə prosesi zamanı hər hansıs sual yaranarsa və mən onu cavanlandıra bilmərəmsə, o zaman Arif Alışanov özü iştirak edə bilər". Məhkəmə vəsatəti təmin etməyib.Hakim Ə.Hacıyev dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə A.Alışanovun iddia ərizəsi daxil olduğunu bildirib. Mülki iddiada Şücayət Əkbərovun A.Alışanova 4 milyon 582 min manat ödəməsi tələb edilib.

Ş.Əkbərovun vəkili müdafiə etdiyi şəxsin iki dəfə açıq ürək əməliyyatı keçirdiyini bildirib, onun qapalı şəraitdə saxlanıldığını, səhhəti ilə bağlı ekspertiza keçirilməsini istəyib. Ş.Əkbərov məhkəməyə müraciət edərək ağır şəkər xəstəsi olduğunu deyib: "Bu iş ört basdır edilməməlidir, hər şey açılmalıdır. Bu işin bir tərəfi Eldar Mahmudova gedib çıxır".

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu gülləmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir.

İş materiallarında iddia olunur ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub.Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib.

Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma plan yenə baş tutmayıb. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, iş materiallarında yazılanların şər-böhtan olduğunu deyirlər.(virtualaz.org)

7 Mart, 2018  13:49 Baxılıb: 1031

Bu bölmədə