Simsar.az | bizi özünüzə Simsar bilin
Namiq Qurban yazır: "Fatimə adlı nümunə"

Allahın bəşəriyyətə kamil nümunə və iftixar qərar verdiyi kəslərin anılmasının, hətta daha çox anılmasının tərəfdarıyam.

Çünki hər anım yaddaşımızda yenilənmə, təfəkkürümüzdə işıq, mərifətimizdə yüksəliş, ruhumuzda isə nümunəyə doğru şövq və seyr deməkdir.

Fatimiyyə günlərindəyik.

Keçmiş-gələcək, bir sözlə bütün bəşəriyyətin ən əzəmətli və kamil qadın nümunəsi əziz Fatimənin şəhadət günlərini yaşayırıq.

Vəhy evində göz açdığı dünyada çox az -18 il ömür sürsə də, onun parlaq şəxsiyyəti ixtiyari zaman kəsiyindən və ixtiyari coğrafi məkandan sezilir, tanınır. 14 əsrlik zaman uzaqlığında yaşayan biz də tarixin bağrında ulduz kimi işıq saçan Fatiməni görürük.Fatimə , ziyası qocaman tarixi və zamanı əhatə edən möhtəşəm şəxsiyyətdir.

Biz onu atasının mübarək kimliyi sayəsində tanıyıb sevmişik.Lakin onun az ömrünə sığışmış fövqəladə böyük missiyası da var.Odur ki, onun tarix qarşısındakı vəzifəsi qədər böyük məqamını dərk etmək çox çətindir.Tanıtım üçün onun kiçik ömrünü atalı və atasız dövrlərə ayıraq.Atasının sağlığında Fatimə übudiyyəti, ailə qayğıları, qadınlar arasında din maarifçiliyi və bir də atasının böyük sevgisi,ehtiramı ilə tanınır. Sadə və kiçik evinə sığınmış Fatiməni bu dövrdə atası tanıdır. Barəsində Allahın nazil etdiyi ayələrlə.Hələ hidayət bağları kövrək olan mədinəlilər üçün Allah və rəsulunun əzizlədiyi bir xanımın əzəməti dərkedilməzdi. Allah və rəsulunun sevgisi Fatimənin tanıtımı üçün ilk müqəddimədir.

Atasının rehlətindən sonra baş vermiş fitnə köklü təbəddülatlar Fatiməni cəmiyyətin qarşısına çıxmağa vadar edir. Bayaq dediyimiz ən böyük missiya da indi zahir olur. Etiraz, haqqı müdafiə, nəsihət, xəbərdarlıq, ilahi əmanətə xəyanət edənlərə qarşı barışmaz mövqe,qətiyyətli, cəsarətli və göz yaşları ilə hisslərə hesablanmış kövrək, lakin olduqca təsirli mübarizə taktikası ilə yeni tarix yaradır Fatimə.

Fatimənin tanıtımında bir məqam diqqətimizi xüsusilə cəlb edir. Onu, sirlərindən seçilmişlər istisna olmaqla heç kimin vaqif olmadığı Qədr gecəsinə bənzədiblər. Fatimənin haqqını olduğu kimi tanımadan Qədr gecəsi dərk edilməz deyir din böyüklərimiz.Maraqlıdır. Görəsən, bu bənzətmənin hikməti nədir? Düzdür, Qədr gecəsi kimi Fatimənin də həqiqətləri gizlin və sirlidir. Yalnız buna görəmi? Gəlin,Fatimə və Qədr gecəsini bənzərcəhətli edən bir neçə səbəbi apriorik qaydada nəzərdən keçirək.

1. Qədr gecəsi canlı-cansız bütün varlıq aləminin növbəti qədr gecəsinə qədər müqəddəratının təyin olunduğu gecədir.Taleyinə biganə olmayan və xeyrə doğru dəyişmək istəyən hər kəs o gecəyə xüsusi dəyər verir, oyaq qalır, məxsus əməllərini yerinə yetirərək gecənin fəzl və bərəkətindən nəsibini almaq istəyir. Qədr gecəsinə verilən dəyərlə insanın öz taleyinə verdiyi əhəmiyyət miqdarca düz mütənasibdir.

Fatimə də belədir.Ona bəsləyəcəyimiz münasibətin tövrü taleyimizi müəyyən edir. Tanınması,sevilməsi, şəxsinə itaət nicat və xeyirli aqibət deməkdir.

2. Qədr gecəsi bəşəriyyətə hidayət bələdçisi Quranın bəxş olunduğu gecədir. Sanki Allah Öz bəndələrinə “Qurana sarıl və taleyini Quranla dəyiş,yenilə!” deyə istiqamət göstərir.

Fatimə peyğəmbərin Quranla birgə dönə-dönə tapşırdığı əmanətdir. Qiyamətə qədər bir-birindən əsla ayrılmayacaq iki ilahi əmanətdən biri.Fatimə canlı Qurandır və onsuz (Fatimə və Əhli-Beyt) Quran fayda verməz, əksinə azğınlığı artırar, zəlalətə düçar edər.

3.Qədr gecəsi varlıq aləminin xəlq edildiyi gecədir və yaradılışı xatırladır.

Fatimənin də aləmlərin xilqətində öz payı var.Fatimə, Allahın Yeri, Göyləri və bütün Əflakı şəninə yaratdığı beş seçilmişdən biridir. Həm də bu pak beşliyin mərkəzində dayanan biri. Gəlin,Fatiməmərkəzli yaradılışı bir daha xatırlayaq: Fatimə, atası, həyat yoldaşı, balaları.

4. Qədr gecəsi bütün mələklər Yerə enər və Allahın vəlisini ziyarət edər.

Fatimənin nuru 11 Allah vəlisində təcəlla edir.

Bir də Fatimədə gizli qalan sirr var. Axırzamanda aşkar olacaq, din və ilahi hakimiyyəti bərqərar edəcək mübarək Zat.

Dünyanın və insanlığın Xilaskarı olan o Zati-Ali də Fatimə nurunun parçasıdır.

5. Qədr gecəsi tövbə gecəsidir.

Fatimə isə tövbənin qəbulunun şərtidir. Quran, tövbəsinin qəbul edilməsi üçün Allahın Adəmə öyrətdiyi beş mübarək təvəssül ünvanından biri kimi tanıdır Fatimənı.

6. Qədr gecəsi ayıqlıq və agahlıq gecəsidir. O gecənin zahiri yuxusuzluğunun batinində zehni və əqli ayıqlıq tələbi var insandan. Bir də bu ayıqlığın doğurmalı olduğu agahlıq var o gecənin ədəbində.

Fatimə də gizlinləri və göz yaşları ilə tarixin fitnə zülmətlərinə qərq olmuş yollarında yürüyənlərə “ayıq və agah ol!” ismarışı verir. Batilin sıx əhatəsində və saxta bəzəkləri arasında əsir qalmış incə haqq yolunu nişan verir, tanıdır.Fatimə qəflət və agahlığın ayırdedicisidir. Fatimənin gizlin qəbri və hər tərəfdən duyulan hönkürtüsü vicdanlara dirçəliş, ayıq-sayıqlığa dəvətdir.

7. Qədr gecəsi hacətlərin verildiyi bərəkətli gecədir.

Fatimənin mübarək Zatı da bərəkət və kərəm mənbəyidir.Fatimə isar əhlidir. Mübarək qapısından heç kim əliboş qayıtmayıb.

8. Qədr gecəsini dərk etmək üçün insana təkcə elm kifayət etmir, həm də təzkiyə(mənəvi təmizlənmə) lazımdır.

Fatiməni tanımaq üçün də fitri paklıq şərtdir.

...

Çətindir.Yamacda dayanıb uca dağın zirvəsini necə vəsf edəsən?

Amma Fatimənin tanıtımını bizim üçün asanlaşdıran daha bir yol var.

Onu tanıdanları və barəsindəki vəsfləri xatırlasaq, söhbətin hansı ucalıqdan getdiyini anlayarıq.

Onu Allah tanıdır.

Şəninə Kövsər surəsi və çox sayda ayələr nazil etməklə.

Onu Allah rəsulu tanıdır.

Barəsində, özü və vəsisi istisna olmaqla heç kimə nəsib olmayan vəsflə.

Biz də xatırlayaq: sevinci Allahın sevinci, qəzəbi isə Allahın qəzəbi olan Fatimə.

Fatiməni həm də özü tanıdır.

Mədinə məscidindəki məşhur xütbəsi ilə. Deyirlər, danışın ki, sizi tanısınlar. Çünki hər bir insan öz dilinin altında gizlənib. Bir tək bu xütbə Fatimənin İlahi mərifət çeşməsi olduğunun bariz nümunəsidir. Xütbənin əvvəlində Allah,tovhid, şükür, yaradılış, risalət missiyası, hidayət zərurəti,dinin əsasları və hökmləri, bəndəçilik,Quran,Hz.Əlinin məqamı və dinin bərqərar olması yolunda misilsiz xidmətlərini xatırladan Fatimə ardınca İlahi əmanətə xəyanət və haqlarının qəsb edilməsini, vəhy xanədanına edilmiş hörmətsizliyi,Mədinəni ağuşuna almış qarmaqarışıq fitnə və əhlinin vəfasızlığını cəsarətlə tənqid edir. Mövzuları bilərəkdən sadaladım ki, 18 yaşlı bir xanımın keçmiş və gələcəyi əhatə edən fövqəladə geniş zəka üfüqlərini yaddaşımızda bir daha yeniləyək. Xütbədəki mövzu ardıcıllığı, məntiqi dəlillər,üslub, bəlağət, fəsahət, dövrün ictimai-siyasi vəziyyəti və gələcək barədə verilmiş təhlilin mükəmməlliyi xütbəyə məşhur Nəhcül-bəlağə xütbələri ilə müqayisə edilmək haqqı qazandırır. Xeyli zaman ötməsinə baxmayaraq xütbənin mətni hələ də öz canlılığını qoruyub saxlayır.Sanki oxumursan, dinləyirsən.

Tarixçilərin yazdığına görə Mədinədəki vəziyyət o qədər gərginləşmişdi ki, hətta peyğəmbər evinə yaxınlaşmaq belə həyat riski sayılırdı. Ardı-arası kəsilməyən repressiyalar, həbslər şəhərin peyğəmbər sağlığındakı əminliyini sovurub yox etmişdi. Mədinənin söz sahibi olan nüfuzlu kişilərinin nəfəslərini sinələrində zəbt etdiyi bir zamanda Fatimənin qorxmadan cəmiyyətin önünə çıxıb cəsarətlə haqqı müdafiə etməsi, azğınları və azğınlıq yollarını tanıdaraq onlara qarşı təkbaşına mübarizə cəbhəsi açması bəşər tarixində görülməmiş bir hadisədir.

Xütbə Fatimənin zülmə və zalımlara qarşı qətiyyətli müxalifliyi ilə yanaşı belə qarışıq zamanda qorxu içində sərgərdan qalmış avam kütlənin,eləcə də bütün gələcək nəsillərin taleyi üçün bir anatək nigarançılığını, qayğısını da əks etdirir.

Fatimənin mübarizə yolunda çox təsirli bir vasitəsi də var: göz yaşları. Göz yaşları ağır xəyanət günahı ilə işığı sönmüş bəşər ağlını diriltmək, haqqı qorumaq və tanıtmaq üçün onun ən güclü silahıdır.

Və bütün bunlar sonsuz dəryadan yalnız bir damla nisbəti qədərdir.

Tanıyaq: Fatimə adlı nümunəmizi

13 Fevral, 2018  11:19 Baxılıb: 1268

Bu bölmədə