Simsar.az | bizi özünüzə Simsar bilin
Xuraman Vəfa: “Kiməsə kömək etmək istəyirsənsə, onun həyatını şouya çevirməyəcəksən”

Şairə Xuraman Vəfa son zamanlar oxunan mahnıların mətnləri və televiziyalarda hazırlanan verilişlərin mövzuları barədə ciddi və sərt fikirlər deyib. Şairənin sözügedən müsahibəsini təqdim edirik.

- Son zamanlar ifa edilən mahnıların mətnləri bərbad vəziyyətdədir. Ümumiyyətlə, musiqi bizim milli sərvətimizdir. Bəzən görürsən ki, tanınmış, hörmət etdiyin, kifayət qədər xalqın sevgisini, rəğbətini qazanmış müğənni elə sözlərə mahnı oxuyur ki, adam bilmir nə desin? Bilmirsən sözü yazanı qınayasan, oxuyanı yoxsa o sözlərə mahnı bəstələyəni. Bu günki musiqilərimizdən çox narazıyam. Baxmayaraq ki, bizim çox zəngin musiqimiz olub.  Çox gözəl akademik musiqilərimiz var ki, hətta dünyanın başqa yerlərində belə heyranlıqla dinləyirlər.  İndi isə Azərbaycan musiqisi sıradan çıxmaq həddinə gəlib.  Mahnılarımızın musiqisində, sözlərində milli ruh yoxdur. Elə mahnılar yaranıb ki, birbaşa insanların zövqünü korlayır. Bu təhlükəli bir haldır. Bayağı sözlərdən ibarət cılız mahnıları təbliğ edənlər Azərbaycan musiqisi ilə dümənçilik edirlər. Məqsəd nədir? Müğənnilər daha çox toyları olsun deyə belə mahnılar sifariş edirlər. Azərbaycan toylarında tarix boyu həmişə bir-birindən gözəl mahnılar oxunub. Mən heç zaman musiqinin, sənətin belə ucuzlaşıb pula çevrilməsini istəmərəm. Sənət, sənətkarı yaşatmalıdır. Az sayda müğənnilərimiz var ki, onlar öz dəyərlərini hələ də saxlayırlar. Amma çoxluq burulğana qarışıb. Onları ən çox hansı yolla populyar olum, efirlərdə necə çox görünüm maraqlandırır. Mahnı mətnlərindən danışırıq.  Məhəbbət mövzusunun  poeziyamızda  xüsusi yeri var. İndiki məhəbbət “şeirləri” sevgiyə həqarətdir. Bir eşqi bu qədər alçaltmaq, ucuzlaşdırmaq olar? Oxucu və dinləyici ilə musiqi, şeir arasında pərdə olmalıdır. Çılpaq sözlər xalqa lazım deyil.  Evimdə oturub rahat musiqiyə qulaq asmaq istəyirəm. Amma çılpaqlıq o qədərdir ki, bu rahatlıqdan da məhrum oluruq.  Çünki o mahnının sözlər mənim ailəmin içində səsləndirməyəcək dərəcədə biabrçıdır və çılpaqdır. Bu  çılpaqlıqla biz hara gedirik? Sözün də həyası olmalıdır…

- Xuraman xanım, deyirlər dəyərli söz və musiqi oxumaq baha başa gəlir. Maraqlıdır şeirlərinizi oxuyan müğənnilərdən qonarar alırsız?  Şeirlərinizin bəlli bir qiymətləndirməsi varmı?

- Mən heç vaxt bu iş üçün qonarar almamışam. Həmişə bir iddiam olub, bunu mənimlə işləyən bəstəkarlar da bilir ki, sözlərimə yazılan mahnını müğənniyə təqdim etmədən öncə mən dinləməliyəm. Əgər orada şeirimdəki hisslərimi çatdıra bilibsə, razılaşıram. Hər ifaçıya da icazə vermirəm sözlərimi oxusun. Mən həmişə dinyəcinin zövqünə oxşamağa çalışmışam.  Sözə, musiqiyə dəyər verirəm.

- Tez –tez verilişlərə dəvət alırsız, müxtəlif mövzular qoyulur və qonaqlar dəvət olunur. O verilişlər cəmiyyətimizə nə verir?

- Doğrusunu desək, efirlərin çoxunda boş-boş verlişlər, söhbətlər gedir. Xalq ordan heç bir şey almır. Xalqın ruhunu, könlünü korlayacaq dərəcədədir verilişlərin çoxu. Saatlarla danışırlar amma nə o aparıcıdan, nə də dəvət olunan qonaqlardan tamaşaçı  heç bir şey almır. Çünki elə baş-ayaq verlişlər, söhbətlər olur ki, heç kəs danışığına fikir vermir. Yaxşı, samballı verlişlərimiz çox azdır.  Onu da deyim ki, indi verilişlərə həddən çox qonaq dəvət edirlər. Qarışıqlıq nəyə lazımdır?  5 nəfər olmasın 3 nəfər olsun. Qoy hamı fikrini rahat çatdıra bilsin. Çox qonaq olanda qoyulan mövzu ətrafında müzakirə aparmaq da çətin olur, fikirlər haçalanır, mövzu da məcrasından çıxır. Hətta bəzən tamaşaçı kimi izləyəndə qoyulan mövzular məni təəccübləndirir. İştirak etdiyimə görə özümü qınadığım verlişlər də olub bir neçə dəfə.

- Sizcə hansı mövzular efirlərdə daha çox müzakirə edilməlidir?

- Biz kiminsə acı taleyini efirdə reklam eləməyə qaçmamalıyıq.  Taleləri  müzakirə obyektinə çevirmək doğru deyil fikrimcə. Kiməsə kömək etmək istəyirsənsə, onun həyatını şouya çevirməyəcəksən. Ondan reytinq üçün istifadə etməyəcəksən.  Bir də görürsən bacı-qardaş, ər arvad arasında olan neqativ halları çıxardıb müzakirə edirlər. Axi buna dünya baxır. Kimin ailəsində problem yoxdur ki? O hadisələri müzakirə edənlərin öz ailələrində problem yoxdur? Bizim milli dəyərlərimiz var. Elə şeylər var toxunulmazdır. Ailə bizim xalq üçün önəmli bir dəyərdir. Bizim üçün həmişə ailə müqəddəs hesab olunub. Buna ucuz sosial şoularla xələl gətirmək olmaz. Biz efirlərimizdən nümunəvi ailələri təbliğ etməliyik. Problemli insanlar və ailələr dünyanın hər yerində var. Biz problemi nümunə kimi tamaşaçıya sırımamalıyıq. Bu işlərlə məşğul olan onlarla cəmiyyətlər QHT-lər var. Onlar nə işlə məşğuldurlar?  Niyə belə ailələrin durumları ilə məşğul olmurlar? O problemli insanları efirə çıxartmadan əvvəl həımin cəmiyyətlərə yönləndirsinlər. Həmin qurumlar da birbaşa öhdələrinə düşənləri etsinlər. O çirkinlikləri efirə çıxartmaq nəyə lazımdır? Efirlərdə insanları düşündürən, məhəbbət yaradan, maarifləndirən verilişlər hazırlasınlar. Bunu da deyəndə cavab gəlir ki ele layihələrin baxımlılığı yoxdur. Deməli baxımlı olması üçün kiminsə taleyi üzərindən şou yaratmaq lazımdır.

- Sosial media həyatımızın tərkib hissəsinə çevrilib. Necə düşünürsüz sosial mediadan lazımı qədər istifadə edə bilirikmi?

- Baxır kim necə dərk edir bu sistemi. Biri yeni paltar alır onun şəklini çəkir paylaşır. Biri evində yemək bişirir onu paylaşır. Mən bu sıradan paylaşımların əleyhinəyəm. Salonlarda, yemək masalarının arxasında çəkilən şəkillərin paylaşımını qeyri-etik hesab edirəm. Hələ bunu bir sənət adamı edirsə lap pis. Bu rəzalətdən başqa bir şey deyil. sənətlə məşğul olan qadın ayaqqabılarını soyunub eybəcər şəkildə oynayır. Bu paylaşımda hansı gözəlliyi tapasan? Belə cılız paylaşımlarla özlərini adiləşdirirlər.

İradə Nurəddinqızı
29 Dekabr, 2017  16:42 Baxılıb: 857

Bu bölmədə