Simsar.az | bizi özünüzə Simsar bilin
Xuraman Vəfa: "Sevgi istədim" - ŞEİRLƏR

Sevgi istədim

Mən sənə bir dünya sevgi vermişdim

Könlünü oxşayan isidən sevgi.

Ürəyin üşüyüb canın yananda,

Ruhumda səsini eşidən sevgi.


Mənim o sevgimi, məhəbbətimi

Hansı döngələrdə salıb itirdin?

Sənə bağışlanan ülvi bir eşqin,

Yerinə nələri alıb gətirdin?


Canımın içində bir parça cansan,

Nə qopartmaq olur, nə atmaq olur.

Gecəmi gündüzə qarışdırmısan,

Nə oyanmaq olur, nə yatmaq olur.


Hər şey bitdi deyib çəkib getsən də,

Bir an qulağımdan səsin getməyir.

Sanmışdım zamanla unudacağam,

Artıq həsrətinə gücüm yetməyir.


Səni xatırladan xatirələri,

Silmək istəyirəm daş yaddaşımdan.

Neyləyim, çıxardıb ata bilmirəm,

Səntək vəfasızın eşqin başımdan.


Bir zaman səsimi eşitmək üçün,

Min bir bəhanəylə arardın məni.

Susmazdı telefon sabahlaradək,

Harda olsam yenə tapardın məni.


Telefon da susdu, sən də soyudun,

Mən niyə həsrətdən qurtulanmadım?

Bir eşqə bir ömür bədəl ödədim,

Nə yazıq, yenə də xoşbəxt olmadım.



İnanma könlüm

Hər eşqin, sevdanın bəxti bir olmur,

Bəxtini eşqində sınama könlüm,

Hələ sağalmayıb aldığın yara,

Sınıq üstə sınıq calama, könlüm.


Gəl könül dostunun sözünü dinlə,

Çox şey yaşanacaq hələ səninlə.

Zarafat eləyib öz taleyinlə,

Məni bir də oda qalama, könlüm.


Səninlə sevinib, gülür gözlərim,

Sevincin, fərəhin bölür gözlərim.

Yadından çıxmasın bu son sözlərim,

Kimsəyə könlünü bağlama, könlüm.


Sanma o vəfasız anlayar səni,

Yenidən həyata bağlayar səni.

Qorx ki, ovçu kimi ovlayar səni,

Ağzım yanıb, məni qınama, könlüm.

Bəxtini eşqində sınama, könlüm.

22 Dekabr, 2017  11:37 Baxılıb: 3881

Bu bölmədə