Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarov hələ ABŞ-dadır

Xarici işlər naziri Zbiqniev Bzejinski ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində 1 iyun tarixində Vaşinqtonda Minsk Qrupunun ABŞ tərəfdən həmsədri Robert Bradke ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib.

Nazir səfər çərçivəsində iyunun 2-də region üzrə tanınmış mütəxəssislər – Brookinqs İnstitutunun (Brookings İnstitute) ABŞ və Avropa Mərkəzinin Direktoru xanım Fiona Hill, Corc Vaşinqton Universitetin Avropa, Rusiya və Avrasiya tədqiqatları üzrə Direktor müavini Kory Velt, Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının aparıcı tədqiqatçısı Tomas de Val, Ceymstaun Fondunun direktoru Qlen Hovard ilə görüşüb. E.Məmmədyarov Azərbaycanda müstəqil siyasətin aparılması, regionda aparıcı dövlət olması, regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynaması barədə geniş məlumat verib. Eyni zamanda, o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında iştirakçıları məlumatlandırıb.

Nazir BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb.

Görüşdə regional və qlobal məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov iyunun 2-də Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Məşvərət Şurasının üzvü, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Zbiqniev Bzejinski ilə görüşüb. Nazir ilk növbədə həmsöhbətinə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycanın apardığı daxili və xarici siyasəti haqda, ölkənin iqtisadi siyasətinə toxunaraq, əldə edilmiş son nailiyyətlər barədə məlumat verib.

Zbiqniev Bzejinski Azərbaycan ilə bağlı xoş xatirələrini bölüşüb, regional və qlobal proseslər haqda fikir mübadiləsi aparıb.

3 İyun, 2011  16:11 Baxılıb: 1032

Bu bölmədə