Simsar.az | bizi özünüzə Simsar bilin
PORTRET - Nərminə Məmmədova

Nərminə Məmmədova 1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyib. Sonralar Bakıya köçən Ağası bəyin ailəsi İstiqlal küçəsindəki geniş mənzillərdən brində yaşayıb. Ancaq çox keçmir ki, Ağası bəyi "xalq düşməni" ittihamı ilə həbs edirlər. O həbs olunan kimi ailəni yaşadıqları İstiqlal küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürürlər.

Nərminə 132 saylı məktəbdə oxumağa gedir. Lakin atasının həbsi ilə bağlı məktəbdən çıxmalı olur. Bir də 1946-cı ildə təkrar məktəb qapılarından girib orta təhsilini tamamlayır. 13 yaşından etibarən Pionerlər Evinə yazılır, məşqlərdə iştirak edir, radiodakı əmək fəaliyyəti də tez başlayır. 1963-cü ildə radionun Ərəb dilində verilişlər şöbəsinin əməkdaşı Sinan Səidlə birgə oxuduqları Kərkük mahnıları lentə alınır. Bakı Dövlət Universitetinin (o zamanlar ADU) Filologiya fakültəsinə daxil olur, professor Cəlal Quliyevdən, Əlövsət Abdullayevdən, Mir Cəlal, Ağamusa Axundov, Yusif Seyidov kimi tanınmış alimlərdən dərs alır. 1967-ci ildə universiteti bitirir.

Atası Ağası bəy də sürgünündən geri qayıdır.

Nərminə Məmmədova öz müasiri olan demək olar ki, bütün müqtədir bəstəkarların – Cahangir Cahangirovun, Tofiq Quliyevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Andrey Babayevin, Qənbər Hüseynlinin, Səid Rüstəmovun mahnılarını ifa edib. Onun oxuduğu "Pıçıldaşın ləpələr", "Ay işığında", "Qərənfil", "İlk xatirələr", "Hardasan yar", "Alagöz", "Sirrimi bilmədin...", "Habelə", "Aman ovçu", "Nar-nar" mahnıları dildən-dilə dolaşaraq, məşhurluq qazanır.

60-cı illərin əvvəllərində ailə quran müğənni - ziyalı bir şəxslə Ramiz Qiyasbəyli ilə evlənir. Bu nikahdan yeganə övladı Sevinc (Sevinc Qiyasbəyli-indi tibb elmləri doktoru, professor) doğulur.

Nərminə Məmmədova 1997-ci il martın 27-də ürək xəstəliyindən vəfat edib.

Onun bənzərsiz ifasındakı ariyalar, romanslar və xalq mahnıları yaşlı nəslin yaxşı yadındadır. "İpək dəsmal", "Nar-nar", "Aman ovçu", "Qara gözlər", "Asta yeri, kəmər düşər belindən", "Altun üzük", "Qərənfil", İraq-Türkmən sənətçisi Sinan Səidlə duetdə ifa etdiyi "Evlərinin dalı yonca" kimi duyğulu ifalarını xatırlatmaq kifayətdir. Nərminə Məmmədova (1929-97) BDU filologiya fakültəsinin məzunu olsa da, daha çox ifaçı kimi tanınırdı və onun son dərəcə lirik, əsrarəngiz, romantika ilə dolu səsinə, ifa tərzinə çoxları heyran kəsilmişdi. Elə indinin özündə də onlar radio dalğalarında səsləndiriləndə adamda həzin bir ovqat doğurur.

Ağası Məmmədbəyli və Şəfiqə Qiyasbəyli onun valideynləri idi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi.  Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyir. Fikirləşəndə ki, Fəridə adı qızına romanın qəhrəmanının taleyini qismət edər - o qızının adını dəyişdirib Nərmin yazdırır (get-gedə bu ad Nərminəyə çevrilir).

Atası, dövlət adamı Ağası Məmmədovun repressiyaya uğraması, ağır sürgün həyatı, bu zaman anası Şəfiqə xanımla yaşadıqları çətinliklər Nərminə Məmmədovanın həyatında silinməyən izlər buraxır. Balaca Nərminənin məktəb qapılarından içəri buraxılmaması, ona “xalq düşməni”nin qızı damğası vurulması və anası ilə birgə çəkdiyi əzablar sanki səsinin kövrəkliyində öz əksini tapır.

1944-cü ildə 15 yaşındaykən ilk dəfə radioda oxuyan Nərminə xanımın  məlahətli və məxməri səsi diqqəti cəlb edir. Beləliklə, bu istedadlı gənc qızın ifaçılıq həyatı başlanır.

Nərminə xanımın oxuduğu bir-birindən gözəl mahnılar, və səsindəki məxmərilik onu məhşurlaşdırır.

Nərminənin poeziya və musiqi ilə nəfəs alan mühiti dəyişir, tələbəlik illəri, rəfiqələri, həyatda gördüyü acıları, sonradan ona bəxş etdiyi sevinc sanki oxuduqlarında əks olunur.

Səsinin həzinliyində və şirinliyində, məlahətində sanki illərdən bəri yığılıb qalmış bir həsrətin, nisgilin hüzün dolu melodiyası var idi.   Ailə qurduqdan sonra, həyat yolaşının qısqanclığı üzündən sənətdən uzaqlaşan sənətkar 1980 və 1986-cı illərdə infarkt keçirir. Nərminə xanım bir də sənətə qayıtmır və onun səsinin heyranı olan sənətsevərlərin xatirəsinə köçür.  1997-ci il martın 27-də isə ürək xəstəliyindən vəfat edən sənətkar özündən sonra oxuduqları mahnıları ilə böyük, həm də mənəvi bir irs qoyur...

Bir faktı da qeyd edək ki, o dövrdə Nərminə Məmmədovanın musiqisini dinləyən zaman bir nəfərə yeni dünyaya gələn uşağınız qız oldu, xəbərini verirlər. O da, qızına bu korifey sənətkarın adını qoyur. Nərminə Məmmədova təkcə sənəti ilə deyil, həm də xanımlığı, gözəl ana olması ilə örnək sənətkar xanım olub. Yüksək mədəniyyətə malik xanım sənətkarımız heç kəslə problemi olmayan hər zaman öz dünyası,  öz aləmi olan və heç zaman bu gözəl aləminə iynənin ucu qədər zərər gətirməyəcək qədər təmiz insan olub Nərminə xanım. Onun oxuduğu mahnılara qulaq asdıqca, sanki bütün əxlaqını, tərbiyəsini və şəxsiyyətini ifa tərzində görülür. Sənəkar o deyil ki, ömrünün 60 ilini oxuya, amma bir dənə mahnısı ömrünün o illərinə dəyməyə. Sənəkar odur ki, ömrünün 60 ilini də yaşaya, ancaq 1 mahnısı belə kifayət edər ki, artıq biləsən, o, hansı zirvənin sənətkarıdır. Nərminə Məmmədova belə sənətkarlarımızdandır.

Simsar jurnalı

27 İyul, 2017  11:13 Baxılıb: 2907

Bu bölmədə