Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Abbasov Fransaya gedir

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması da müzakirə olunacaq

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 5-6 iyun tarixlərində Parisdə Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın 3-cü iclasında iştirak edəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) və YUNESKO tərəfindən yaradılmış Komissiyanın məqsədi dünyada genişzolaqlı çıxışın yayılmasına kömək etməkdir. Əli Abbasov texnika sahəsinin 50-ə yaxın görkəmli xadimlərindən, eləcə də özəl sektor və sosial xidmətlər sahəsinin nümayəndələrindən ibarət komissiyanın üzvüdür. 

Bundan əlavə, iyunun 7-də Parisdə Azərbaycan və Fransanın İKT-şirkətlərinin iştirakı ilə 1-ci Azərbaycan-Fransız İKT Biznes Forumu keçiriləcək. Forum çərçivəsində Əli Abbasovun Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Besson ilə ikitərəfli görüşü nəzərdə tutulub. Tədbir iki ölkənin özəl sektorları arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını artırmalıdır.

Əli Abbasov Parisə səfəri zamanı “ArianeSpace” şirkətinin rəhbəri Jan-İv Le Galla görüşəcək və Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını müzakirə edəcək. Xatırladaq ki, milli peykin “ArianeSpace” şirkətinin istehsalı olan raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılması nəzərdə tutulub.

2 İyun, 2011  19:54 Baxılıb: 1055

Bu bölmədə