Simsar.az | bizi özünüzə Simsar bilin
Aqşin Mehdiyev BMT baş katibinə yenə məktub yazdı

“Azərbaycan hökuməti Ermənistanın müharibə dövründə törətdiyi cinayətlərin üstündən sükutla keçməyəcək”

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Ermənistan nümayəndəsinin ittihamlarına cavab verib. Bu barədə APA-nın Vaşinqton müxbiri xəbər verir. BMT baş katibinə sonuncu məktubunda səfir Mehdiyev bildirib ki, ATƏT Minsk Qrupu həmsədrlərinin qiymətləndirmə missiyasının nəticələrinə əsaslanan tövsiyələrini rədd etməklə, doqquz yaşlı azərbaycanlı uşağın öldürülməsində və digər çirkin cinayətlərdə günahını inkar etməklə Ermənistan bir daha münaqişənin həllini istəmədiyini sübut edir.

“Ermənistan BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq öhdəsinə düşdüyü vəzifələri yerinə yetirmək istəmir, münaqişənin nizamlanması prosesinə maneçilik törədən cəhdlərindən əl çəkmir. Qəribədir ki, Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və münaqişə dövründə törətdiyi dəhşətli cinayətlər üçün məsuliyyət daşıyan Ermənistan həyasızcasına təcavüzün qurbanlarını tənqid də edir”.

Mehdiyev bildirir ki, Ermənistan nümayəndəsi hətta BMT baş katibinin və BMT-yə üzv dövlətlərin azərbaycanlı uşağın erməni snayperi tərəfindən öldürülməsi barədə məlumatlandırılmasını qeyri-etik hərəkət adlandırmaq həddinə də çatır.

“Məlumdur ki, Ermənistan rəhbərliyi dəfələrlə təkcə sözlə deyil, əməlləri ilə də sübut edib ki, etika, sülh və humanizm anlayışları ona yaddır. Azərbaycan hökuməti Ermənistanın müharibə dövründə törətdiyi cinayətlərin üstündən sükutla keçməyəcək və bu cinayətlər üçün məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısında durması üçün əlindən gələni edəcək.

Ermənistan hökuməti özünün təhlükəli siyasi gündəliyinin iflasa uğradığını nə qədər tez anlasa, bizim xalqlarımız sülh, sabitlik və əməkdaşlıqdan bir o qədər tez bəhrələnə bilərlər”.

Səfir Aqşin Mehdiyev aprel ayında atəşkəsin pozulması nəticəsində bir mülki şəxsin və üç azərbaycanlı əsgərin yaralanmasını da BMT-nin diqqətinə çatdırıb.

“Həmin dövrdə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində geniş miqyaslı hərbi təlimlər keçiriblər. Təlimlərdə aviasiyadan, zirehli texnikadan və artilleriyadan istifadə olunub. Cəbhəyanı rayonların sakinləri yaxınlıqdakı işğal olunmuş ərazilərdən partlayış səsləri eşidiblər, artilleriya atəşlərinin dalğası yaşayış evlərini də titrədib”.

2 İyun, 2011  16:56 Baxılıb: 995

Bu bölmədə