Simsar.az | bizi özünüzə Simsar bilin
Dəmir yolunu Bakı aeroportuna çatdıracaqlar

“Azərbaycan Dəmir Yolları” QSC qarşıdakı 3 il müddətində Yalama-Astara istiqamətində dəmir yolunun əsaslı təmirini həyata keçirməyi planlaşdırır. Bunu QSC-nin sədri Cavid Qurbanov aprelin 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. “Dəmir yollarının inkişaf proqramı hazırlanıb. Belə ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama-Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır.

“Hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır. Asiya İnkişaf Bankının ayırdığı texniki yardım hesabına Fransanın “Sistra” məsləhətçi şirkəti tərəfindən Bakı-Yalama dəmir yolu xətti üzrə yolun əsaslı təmiri və eləcə də Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu Ticarətinin Dəstəklənməsi Layihəsi” çərçivəsində bütövlükdə Yalama-Astara marşrutu üçün texniki-iqtisadi əsaslandırma hazırlanır”, - deyə C.Qurbanov bildirib.

11 Aprel, 2017  12:58 Baxılıb: 1193

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası