Simsar.az | bizi özünüzə Simsar bilin
Magistraturaya qəbul imtahanının I mərhələsinin vaxtı bilindi

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 1-ci mərhələsini keçirəcək. DİM-dən Simsar.az-a verilən xəbərə görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Magistraturaya ərizələrin qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim edib. Onlardan 11817 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5640 nəfəri oğlan, 7431 nəfəri isə qızlardır. Bakalavrlardan 7281 nəfəri cari ilin, 5800 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 25 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 11116, Naxçıvanda 346, Gəncədə 1074, Mingəçevirdə 345, Lənkəranda 200 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunmasına 126 imtahan rəhbəri, 1208 nəzarətçi-müəllim cəlb olunacaq.

Aprelin 9-da rezidenturaya qəbul imtahanının I mərhələsi də keçiriləcək. Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və imtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır.

İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2017-ci il martın 10-dan 28-dək aparılıb. 1077 namizəd elektron ərizə doldurub və təsdiq edib. Onlardan 694 nəfəri qız, 383 nəfəri isə oğlanlardır. 925 namizəd Azərbaycan bölməsinin, 152 namizəd rus bölməsinin, 471 namizəd cari ilin, 606 namizəd isə əvvəlki illərin məzunudur.

Bakı şəhərində 1027, Naxçıvan şəhərində isə 50 namizədin imtahan verməsi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 129 zal nəzarətçisi ayrılıb.

6 Aprel, 2017  13:20 Baxılıb: 1785

Bu bölmədə