Simsar.az | bizi özünüzə Simsar bilin
Sosial Şəbəkədə Pənah Hüseynə təxribat olundu

Onun adından "İctimai Palatanın yay hücumu" taktikası hazırlanıb 

“Facebook” sosial şəbəkəsində sabiq baş nazir, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseynin adına yaradılmış saxta profildə bu gün daha bir material yerləşdirilib. “İctimai Palatanın yay hücumu” adlı materialda İP-in hakimiyyətə qarşı aparacağı mübarizənin konseptual xəritəsi əksini tapıb. 


Bu barədə P.Hüseyndən aldığımız məlumata görə, ona portalların birindən zəng edib “Facebook”dakı “profili”ndə yeni materialların yerləşdirildiyini deyiblər: “Mənə dedilər ki, mənim adımdan yeni sənəd açıqlanıb. Mən də bir daha bəyan edirəm ki, “facebook”da ümumiyyətlə mənim profilim yoxdur. Bu gün də heç bir yerdə heç bir sənəd açıqlamamışam. Prinsipcə, mənim yeni hesab elədiyim və dərcini lazım bildiyim sənədlər ilk olaraq “Yeni Müsavat” qəzetində dərc olunur. O baxımdan da mənim adımdan “Yeni Müsavat”da dərc olunmayan sənədlər mötəbər sayılmamalıdır”.
P.Hüseynin sözlərinə görə, bu hadisə növbəti təxribatdır: “Bu hadisə artıq onu göstərir ki, İctimai Palatanın həm ideoloji, həm təbliğat xarakterli və həm də cəmiyyət üçün lazım olan aktual məsələlər barədə açıqladığı sənədlər, o cümlədən “Demokratiyaya keçidin yol xəritəsi” adlı sənəd müəyyən dairələrdə narahatlığa səbəb olub. Ona görə də müxtəlif saxta informasiyalar vasitəsilə bir psixoloji informasiya təxribatı aparırlar. Bu, onu göstərir ki, İctimai Palata və onun cəmiyyətə təqdim elədiyi ideya və prinsiplər, sənədlər əhəmiyyətə malikdir. İnformasiya kirliliyi yaratmaq istəyən dairələrin narahatlığı da bununla bağlıdır”.
Qeyd edək ki, srağagün də P.Hüseynin adına açılan saxta profildə onun adından İctimai Palatanın “kölgə kabineti”nin siyahısı yayılmışdı.

1 İyun, 2011  21:39 Baxılıb: 1085

Bu bölmədə