Simsar.az | bizi özünüzə Simsar bilin
Natiq Şirinov : "Şöhrət ordenli xalq artistidir, professordur amma ritmi bilmir..."

Əməkdar artist, ritm ustası Natiuq Şirinov bu günlərdə simsar.az saytının "Qonaq" layihəsində  olub. Ritm ustası ilə maraqlı müsahibəni sizə təqdim edirik.

-Neçə vaxtdır ki, kitab yazırsız. Hələ yekunlaşdırmamısız? Neçə səhifəlikdir ki?

- Xeyr, hələ qurtarmayıb. 8 səhifədən ibarətdir. Amma o vərəqlər 10-15 ilin sözünü deyir. Nağaranın kitabını bir –iki ilə yazmaq olmaz. Mən bu gün ritm axtarıram. Nağara işi çətindir. Yazmaq üçün zaman lazımdır. Həm də müəllim olmaq, yaradıcı olmaq , solist olmaq bunlar ayrı-ayrı şeylərdir. Amma mən bu üç işi özüm görürəm. Bu işin öhdəsindən inanmıram ki, kimsə gəlsin. İnsanlarda indi sönüklük var.

-Bu qədər maraqlı layihələriniz, konsetləriniz olub, niyə nağara haqqında sənədli film çəkmək istəməmisiniz?

-Bir qısa film eləmişdi ATV kanalı. Çox adam baxdı. Düzdür, elmlə, ritmlə bağlı “Nağara” filmi olmayıb. Əslində “Nağara” kitabı da var. Sadəcə olaraq, dərslik halındadır və səmimi deyim, çox cılızdır. Hara baxsan, o dərslik var, amma bu bəs etmir nağaranı öyrənməyə. Konservatoriyada ümumiyyətlə, ritm dərsi yoxdur. Hazırda nə qədər ritmi bilməyib, musiqiçi olanlar var. Baxırsan ki, şöhrət ordenli xalq artistidir, professordur amma ritmi bilmir. Musiqiçi mütləq ritmi bilməlidir. Ritm çalan muğamı bilməsə , qəbahət olmaz. Amma muğam oxuyan ritmi bilməlidir. Mən burada özümə haqq qazandırmıram. Mahnı çalınanda, oxuyanda ritm olmasa, oxuya bilməz. Muğam da, caz da ritmsiz olmaz. Mən Natiq Şirinovun bu dediklərinin hamısından xəbəri var. Bilirəm ki, muğam nədir, neçə muğam var, bilirəm ki ,xaric not nədir, bilirəm 12 muğam var, 10-11 zərb muğamlarımız var. Azərbaycanda 17 ritm var. Bunu özüm təsdiqləmişəm. Azerbaycan ritm ləri 4-4, 6-8,4-3 8-3 və  9-8 sonradan gəlmədir. Adla sayılanda  isə “yallı“ “qazağı” "çıtma” "qaytağı” və s deyilir. Qara Qarayev, Fikrət Əmirov , Tofiq Quliyev,  Üzeyir Hacıbəyovun əsərlərində ritmlər var. Bizim aşıq mahnılarımızda da ritm var. Ancaq aşıq musiqilərində ritmləri heç kim bilmir. “Naxçıvani” nin ölçüsünü soruşun, az adam biləcək. Ritm say, ölçü deməkdir. Taqqıltını eşitdin ritmi bilirsən demək deyil. O olçünü, sayı bilməlisən.

-Hürufilik də saylarla bağlı bir təriqətdir. Deyirsiz, həyat, ritmlə yaranıb, zərbədən. Ürək döyüntülərimiz ritmdir, eyni zamanda deyirsiz ki, ritm say və ölçülərdən ibarətdir. Maraqlıdır hürufiliyin ritmlə bir bağlılığı varmı?

-Nizaminin, Füzulinin, Əliağa Vahidin qəzəllərində ritmlər var. Ən böyük ritm qəzəllərdədir.  Mən hind məktəbində oxuyanda səfirlə dostlaşdıq. Dedi,  Azərbaycanda iki sənət var, amma siz onları öyrənmirsiniz. Deyirdi ki, o ikisindən biri sazdır, biri də qəzəllər.  Beynimdən muğam keçdi. Alim müəllim deyir ki, muğamda ritm var. Amma o ritmi muğamda dəqiq bilmir. Metralonumu təsdiqləyib oxuyur. Hər bir muğam ustası öz bildiyi kimi xırdalıq edir. Amma bir kök var ki, onu hamı eyni keçsə də ritmləri bilmirlər. Arif Babayev, Alim Qasımov, Canəli Əkbərov kimi muğam ustaları oturub muğama ölçünü qoymalıdır. Amma hərə ölçünü bir cür qoyur. Alim müəllim yaradıcı insandır, dünya musiqisini bilir. Bir gün dedim, Alim muəllim, sən ritmi muğamda xırdalasan, dünyaya qapı açarsan. Azərbaycanda ritmlə oxuyan xanəndə yoxdur. Azərbaycan musiqilərinin 90 faizi kosa-kosadır. Biz bu gün ritmlərlə mükəmməl məşğul olmalıyıq. Dünya səhnələrində bizi “çıkada –çıka” kimi tanımasınlar. Mən Səməd Vurğunu gözəl başa düşürəm. Söz 4-4 də bağlanır. Füzuli, Nizaminin qəzəllərini isə biz dərk etmirik. Amma biz onu dərsliyə salırıq. Dərsliyə salanda da üzü farsa doğru gedir. Indi biz Nizami, Füzulini necə öyrənək? Dünyaya deyirik ki, onlar bizimdir. Bir gün bir alman gəlib, orta məktəb uşağından Füzulinin qəzəlini tərcüməsini soruşsa, bilməyəcək. Amma farsdan soruşsa biləcək. Ona görə də biz deyəndə mənimdir, gülürlər. İndi bu sənət haqqında məndən başqa danışan var? O gün fikirləşdim, gözlərim doldu, bu sənəti kim təbliğ edəcək? Biz deyirik, necə olur-olsun pul qazanım. Mən bu gün dünyaya rahat çıxıram, çünki əlimdə qafqaz nağarası var . Biz pul qazanmağı fikirləşirik, ancaq sənətimizi də təsdiqlətməliyik. Bunun üçün isə ən birinci ritmin elmini öyrənməliyik. Ritm üçün ayrı mərkəz olmalıdır. Bir Konservatoriyaya ritm sıxmaz. Bu gün həyatımız ritm üzərində qurulub. Allah bizi ritmdən yaradıb. Hətta “Quran”da da var. Mən “Quran”ı oxuyub bunları tapmışam. Bu gün bizim ürəyimizin döyüntüsünün  dəqiq ölçüsünü tapmışam. Hətta dünyanın ölçüsünü tapmışam. Bütün saatları yan-yana qoyaq, mən dediyim rəqəmdən o yana keçsə, nağara çalmaram. Dünyada hər şey saatlarla idarə olunur. Saat yarandı, o saatın ölçüsü oldu. Saatın sürəti 60-120-yə, insanın da təzyiqi 120-60-a dır.

-Nağara mərkəzinin olması üçün nə lazımdır?

-Məkan olmalıdır. Muğam mərkəzinin olmağı gözəldi, amma RİTM mərkəzi də lazımdır.

-Səmavi rəqslərdə ritm var?

-Var. Mənim o rəqslərdən çox xoşum gəlir,amma baxa bilmirəm çox.  Çalışacam ki, kitabda bütün danışdıqlarımı əhatə edim. Ona görə də kitab da gecikir. Istəyirəm gələn il tamamlayım. Dövlət tərəfindən alınmasa da, özüm bir özəl  nağara mərkəzi açacam.

-Niyə mediadan uzaqsız?

-Maraqlı efirlər yoxdur. Kimsə nəsə danışa bilər. Məsələn, mən ritmdən danışıram. Olsun ki, özüm üçun maraqlıyam. Başqası deyər ki, bu,  nə qədər danışdı, onların fikirlərinə hörmət edirəm. Mən efirdə dərdimdən, probelmimdən yox, sənətdən  danışmaq istəyirəm.

-Ümumiyyətlə, bizim efirlərdə hansı verilişə baxırsız?

-“Nanəli” yə baxıram. Orda xalq musiqilərinə yer verilir. O verilişdə söz-söhbət yoxdur, sənət var. Ona da bəzən baxmağa səbrim catmır. Oxuyanlar ritmi bilmir. Nərgiz Cəlilovanın verilişinə baxıram, necə gözəl danışır.

-Sizcə, İncəsənət Universitetində ritm dərsləri açılsa, kim dərs keçəcək?

-Məni dəvət etməlidirlər. Ola bilər ki, məndən də üstün biri çıxacaq. Ritm bəstəkarları olmalıdır.

-Hindistana getmək fikriniz varmı?

-Taylandda konsertim oldu. Iyunda Hindistana yola düşməliyik. Konsert verəcəm. Oğlumla gedəcəm. Bu mənim illərimin arzusu idi. Hindistan ritmin vətənidir. Çalışacam ki, sözümü orada deyə bilim. 16 ildir ki, saat yarımdan çox nağara üzrə konsert verirəm. Mən nağaranı dünyada tanıtmaq istəyirəm, başqa bizneslə məşğul olmadım, qorxdum ki, sənətim itər. Mənim biznesim budur.

-Ümüd ümüdlərinizi doğruldurmu?

-Mən istədiyimdən də çox. Universitetə qəbul olub. Amma istəyir ki, Amerikada təhsil alsın.

-Bəs o biri övladlar?

-Təhsillərini alırlar.  Böyük qızımın da sərbəst şeir yazmağı var. Türk ləhcəsində yazır. Onun bir balaca kitabını nəşr etmək istəyirik. Yaxşı şeir deməyi var. Balaca da bir yerdə durmur, yaxşı rəsm qabiliyyəti var onun da.

- Həmişə konsertinizdə iştirak edirəm. Mütləq yenilik olur. Maraqlı sintezlər alınır...

-Hə, çalışırıq. Olub ki, rəsmlə, xalçayla, balonla, sintez etmişik. Ola bilər ki, jurnalist sual verir, sən də cavab verirsən, onu da sintez edə bilərik.(gülür). Əgər ürəyim döyünürsə, yenilik, ritm var. Ritm tükənmir, su kimi sonsuzdur.

-Bu yaxınlarda Canəli Əkbərovla  Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov arasında qalmaqal yaşandı?.  Nəhəng sənətkarların belə hay-küyünə münasibətiniz necədir?

-Xəbərim yox idi, siz dediniz bildim. Mən onları gözəl tanıyıram. Hamısına hörmətimiz var. Mən də insanam, sabah elə bir hərəkət edərəm ki, hamı məndən danışar. Onlar şəxsiyyətdirlər, sənətkardırlar. Şou, reklam xətrinə etməzlər. Əsas odur ki, sülhlə bitsin. Mən də çox hadisə yaşadım, amma susdum.  Həqiqəti deməkdən heç vaxt qorxmamışam, sadəcə susmuşam...

İradə Nurəddinqızı

 

28 Mart, 2019  12:43 Baxılıb: 3485

Bu bölmədə