Simsar.az | bizi özünüzə Simsar bilin
BANM-də Xonça Festivalı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunan Xonça Festivalı keçirilib.

Bu barədə Simsar.az-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Festival Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzi tərəfindən təşkil olunub. Tələbələr 14 müxtəlif komanda tərkibində tədbirdə iştirak ediblər.

Novruz bayramının Azərbaycanda, xüsusilə gənclər arasında geniş qeyd edilmə ənənəsi mövcuddur. Səməni və boyanmış yumurtalar Novruzun xüsusi simvollarıdır. Eyni zamanda, yumurta döyüşdürmək kimi bir adətimiz də var. BANM-in tələbələri və müəllim kollektivi Novruzu birgə qeyd edərək onu hazırlıq kursunun ən yaddaqalan xatirəsinə çeviriblər.

Festival çərçivəsində üç müsabiqə - Xonça müsabiqəsi, yumurta döyüşü və şirniyyatın sürətlə yeyilməsi təşkil olunub. Festivalda tələbələr tərəfindən bəzədilən rəmzi məna daşıyan 20 xonça təqdim edilib. Xonçalara düzülən şirniyyatlar və səmənilər insanların könlünə yaz, təzəlik ab-havası gətirməklə tədbirdə xüsusi bayram əhval-ruhiyyəsi yaradıb.

Xonça müsabiqəsində ən zövqlü tərtibata görə “İngilis N2” qrupu qələbə kubokunu qazanıb. Yumurta döyüşü müsabiqəsinin qalibi BANM-in “Neft-Qaz Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Asəf Səfərov olub. Şirniyyatların sürətlə yeyilməsi müsabiqəsində Ali Məktəbin “Kimya Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fərid Tağıyev qalib gəldi. BANM-in rektoru Elmar Qasımov qalib gəlmiş tələbələri xüsusi qeyd edərək bütün festival iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib.


17 Mart, 2017  11:32 Baxılıb: 1623

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası