Simsar.az | bizi özünüzə Simsar bilin
DSX sərhəddə 4 nəfəri saxladı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılıb. DSX-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, martın 13-də saat 23:35 radələrində Balakən rayonunun Şərif kənd ərazisindəki zastavanın xidməti sahəsində Gürcüstan istiqamətindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçirilmiş qaçaqmalı “Qazel” markalı AZ 08-BD-748 dövlət nömrə nişanlı avtomobilə yükləyərək sərhəd naryadının qanuni tələblərinə məhəl qoymadan hadisə yerindən qaçmağa cəhd göstərən Balakən rayon sakinləri 1973-cü il təvəllüdlü Qurbanov İlham Zeynəddin oğlu və 1981-ci il təvəllüdlü Laicov İrşad Eyvaz oğlu təqib edilərək saxlanılıblar. Avtomobilə keçirilmiş baxış zamanı yük yerindən 20 qutuda 3187 ədəd müxtəlif çeşidli pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin digər iştirakçıları Balakən rayon sakini 1983-cü il təvəllüdlü Maqomedov Kamil Cavadxan oğlu və Gürcüstan vətəndaşı, Laqodexi rayonu Qabal kənd sakini 1975-ci il təvəllüdlü Almazov Aqil Qurban oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

16 Mart, 2017  16:13 Baxılıb: 1529

Bu bölmədə