Simsar.az | bizi özünüzə Simsar bilin
FHN Akademiyası 2017/2018-ci tədris ili üçün kursant qəbulu elan edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2017/2018-ci tədris ili üçün bakalavriat səviyyəsində kursant qəbulu elan edib. FHN-dən verilən məlumata görə, nazirliyin Akademiyasında “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Akademiyaya qəbul olmaq istəyən namizədlər tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək, boyu 170 sm-dən az olmayan Azərbaycan vətəndaşları seçilir.

Fövqəladə Hallar Nazirliyində sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında iştirak edəcək.

Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunacaq və təqaüd alacaqlar.

Akademiyada təhsil müddəti 4 ildir. Təhsil ödənişsiz əsaslarla əyani şöbədə olmaqla Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, ixtisaslaşdırılmış auditoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsindədir.

Sənədlər aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi-8) qəbul edilir. Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından ala bilərsiniz.(apa)

15 Mart, 2017  12:53 Baxılıb: 1422

Bu bölmədə