Simsar.az | bizi özünüzə Simsar bilin
İsgəndər Xəlilovun Neftçaladakı zavodunda tətil

Bu gün Neftçala “Azəryod” MMC-nin fəhlələri istehsalı dayandırmadan xəbərdarlıq tətili ediblər. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, səhər saatlarında zavodun 220 nəfərə yaxın fəhləsindən 150 nəfərə yaxını iş yerlərinə getməyib zavodun həyətinə toplaşaraq bayram ərəfəsi olduğu üçün dekabr ayından bəri ödənilməyən 3 aylıq əmək haqlarını tələb ediblər. Zavodun işi iflic olmasın deyə, etirazçı fəhlələr zəruri istehsalat sahəsində olan həmkarlarını iş yerlərində saxlasalar da, aksiya 4 saata yaxın çəkib.

“Azəryod” ASC-nin texniki direktoru Elşən Sultanov narazı fəhlələrlə görüşüb. O, zavodun iqtisadi durumunun dözülməz olduğunu bildirərək, gecikmiş əmək haqlarının 3 gün ərzində ödəniləcəyinə rəhbərlik adından söz verdikdən sonra fəhlələr dağılışıblar. Elşən Sultanov saytımıza açıqlamasında bildirib ki, zavodun iqtisadi çətinliklər çəkməsi elektrik enerjisinin bahalaşması ilə bağlıdır. Amma buna baxmayaraq, rəhbərlik vəziyyətdən çıxmaq üçün tədbirlər planı hazırlayaraq artıq icrasına başlayıb. Belə ki, yod istehsalı sexində itkilərin minimuma endirilməsi yeni qurğuların quraşdırılması və xörək duzu istehsal edən sexin istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda zavoda iqtisadi dəstək üçün artıq Neftçala rayonunun Şirvanlı kəndində yardımçı təsərrüfat yaradılmaqdadır. Bir müddət əvvəl sahibkarın tapşırığı ilə 250 nəfər işçidən 150 nəfərinin fevral ayının 1-dən mart ayının 1-ə kimi guya öz xahişləri ilə ödənişsiz məzuniyyətə çıxmaları barədə ərizələri alınmışdı. Ərizəsi alınanlar arasında zavodun rəhbər heyətinə daxil olan şəxslər də var idi. Səbəbi isə belə izah edilirdi ki, elektrik enerjisinin qiyməti artdığından zavod özünü dolandıra bilmir. Belə ki, müəssisədə istehsalın əsasını elektrik enerjisi təşkil edir, elektrik enerjisinin son bahalaşmasından sonra zavod bu tələbatına ayda 320-350 min manat ödəyir, aylıq qazanc isə 500 min manat civarındadır.

Xatırladaq ki, 1 il əvvəl Neftçalaya gözlənilmədən qısamüddətli səfər edən Rusiyalı milyarder İsgəndər Xəlilov zavod kollektivi ilə görüşərək “Azəryod” ASC rəhbərliyinə göstəriş vermişdi ki, mövcud iqtisadi çətinliklərə baxmayaraq müəssisənin 250 işçisindən bir nəfərini də işdən azad etməsin. Amma böhran milyarderə vədinə əməl etməyə maneələr yaratmağa başlayıb.
Qeyd edək ki, “Azəryod” ASC texniki və kristallaşmış yod istehsal edir. Hazırda sutkada 700-800 kq, ildə 300 tona yaxın yod buraxır, bu isə ölkənin yoda tələbatından 20 dəfə çoxdur. Son illər bu müəssisənin işə düşməsi ilə Neftçalada yod istehsalı xeyli artıb.
Azərbaycanda yod-bromlu su quyuları ancaq Neftçaladadır. Rayon ərazisində 162 belə quyu var, onlardan 100-ə yaxını istismar olunur. İstehsal gücünə görə Neftçala yod zavodu MDB-də birinci, dünyada üçüncüdür. Hazırda dünya bazarında yodun bir tonu 28 min ABŞ dollarına satılır.
13 Mart, 2017  16:00 Baxılıb: 1144

Bu bölmədə