Simsar.az | bizi özünüzə Simsar bilin
Mehriban Əliyeva: İnsanlar, dövlətlər və xalqlar arasında ədalət olmasını istəyir

Azərbaycanın birinci xanımının təbrik məktubu oxunub

Çərşənbə axşamı Bakıda keçirilən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirkaçılarına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbrik məktubu oxunub.

Trend-in məlumatına görə, Azərbaycanın birinci xanımının təbrik məktubunu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov oxuyub.

Məktubda qeyd olunub ki, bioetikanın öyrənilməsi baxımından müxtəlif konfrans, forum və "dəyirmi masa"ların keçirilməsi dəstəklənməlidir.

"Hər birimiz yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi məkanın sahibinə çevirib. Bu məkanda insanlar, dövlətlər və xalqlar arasında münasibətlər ədalət prinsipləri əsasında qurulmalıdır. Sabahı düşünürüksə, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk ediriksə, bütün münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Şübhəsiz ki, bu, uzunmüddətli prosesdir. Əminəm ki, humanizm və ədalət əsasında konstruktiv əməkdaşlığın qurulması məhz bu halda mümkün olacaq. Ümidvaram ki, bugünkü sessiyanın yekunları bioetikanın həm dünyada, həm bölgədə, həm də ölkəmizdə inkişafına xidmət edən önəmli bir addım olacaq. Tədbirin təşkilində əməyi olan hər bir kəsə, xüsusilə onun Bakıda keçirilməsini dəstəkləyən YUNESKO-nun baş direktoru xanım İrina Bokovaya dərin minnətdarlığımı bildirir, sessiyanın işinə uğurlar arzulayıram", - Mehriban xanım Əliyevanın təbrik məktubunda bildirilib.

Sonra YUNESKO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına video müraciəti təqdim olunub.

YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası üç gün davam edəcək. Sessiyada 80-ə yaxın xarici qonaq, o cümlədən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin üzvləri, YUNESKO-nun əməkdaşları, məruzəçilər, müşahidəçilər, Azərbaycan hökumətinin nümayəndələri, elm xadimləri, eləcə də diplomatik korpus nümayəndələri iştirak edirlər.

31 May, 2011  17:05 Baxılıb: 1076

Bu bölmədə