Simsar.az | bizi özünüzə Simsar bilin
Qənirə Paşayeva BMT baş katibinin müavininə erməni vandalizmdən danışdı

"Səylərinizi artırın"

İsrailin Hayfa şəhərində “Elm, texnologiya və innovasiya: Qadın və Qızlar üçün Təhsil və Treninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən millət vəkili, Azərbaycanın AŞPA-nın gender bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva konfrans çərçivəsində BMT baş katibinin müavini Dr. Asha-Roze Miqiro ilə görüşüb. APA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva BMT baş katibinin müavini Dr. Asha-Roze Miqiroya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, minlərlə azərbaycanlını qətlə yetirməsini, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsini, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılmasını, Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi olan Şuşada və ümumiyyətlə işğal etdiyi bütün Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini, 1 milyon azərbaycanlını 15 ildən artıqdır ki, öz yurd-yuvasına dönməsinə imkan verməməsini özündə əks etdirən materialları təqdim edib. 

Millət vəkili bütün azərbaycanlıların BMT rəhbərliyindən təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini daha da artırmalarını gözlədiklərini bildirib. Qənirə Paşayeva 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının BMT rəhbərliyindən onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini BMT Baş katibinin müavinin diqqətinə çatdırıb. Azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı BMT baş katibinin müavininə məlumatlar verən millət vəkili 20 ilə yaxındır ki, öz ev-eşiyinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkün qadınların pozulmuş haqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını xahiş edib.

BMT Baş katibinin müavini Dr. Asha-Roze Miqiro qaçqın və məcburi köçkün qadınlarla bağlı fikir mübadiləsinin onun üçün əhəmiyyətli olduğunu bildirib və onların problemlərinin həlli istiqamətində öz səylərini artıracağını deyib.

31 May, 2011  16:27 Baxılıb: 1317

Bu bölmədə