Simsar.az | bizi özünüzə Simsar bilin
Folklorşünas alim su çərşənbəsinin tarixindən danışdı
“Orta əsrlər dövründə  dünyanın yaranmasının əsasında dörd ünsürün durması və bu əsasda Şərqdə formalaşan “ab, (su) atəş, (od) xak (torpaq), bad (külək)” ilə əsaslandırılan dörd ünsür nəzəriyyəsi çərşənbələrin bayram kimi formalaşmasına təsir göstərib".

Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri, folklorşünas alim Ağaverdi Xəlil Simsar.az-a açıqlamasında bildirib. Çərşənbələrin yaranma tarixindən danışan alim deyir ki, Azərbaycan qədimdən çərşənbə bayramlarının keçirildiyi coğrafiya olaraq tanınır: “ Əski təqvimlə ilin son dörd çərşənbəsi bayram olaraq qeyd edilir. Yeni ilin, yeni günün – novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Novruz öncəsi keçirilən dörd çərşənbədən birincisi su çərşənbəsidir. Novruza bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisinə “birinci çər­şənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su çərşənbəsi” deyilmişdir. İlaxır çərşənbələrin birincisi olan su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Yaradılışın sudan başlanması, həyatın ilk qaynağının su olması əski təsəvvürlərdə də öz əksini tapır.  Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular novruzu”, “gül çərşənbə” kimi də tanınır”.

Alim hesab edir ki, su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır: “Qorxulu yuxuların da suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı, türk mifoloji mətnlərin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər, azar bezardan xilas olar. İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya od verilməz. Zərurət olanda istəyə gələnin başınnan örpəyini götürüb sonra verərdilər.  Çərşənbədə evə süpürgə çəkmək olmaz”

Folklorşünas su çərşənbəsi ilə bağlı bir sıra inancların olduğunu qeyd edib:

İnanclar:

“Süfrəyə su dağılması aydınlıqdı.

Su içən adamı qəfil vurmazlar.

Su içən adamı danışdırmazlar.

Lal axan sudan keçməzlər.

Yuxuda su görmək aydınlıqdı.

Səfərə çıxan adamın arxasınca su atarlar.

Odu su ilə söndürmək günahdır”.

Su ilə bağlı ata sözləri:

“Suyun lal axanı, adamın yerə baxanı.

Su bir yerdə qalanda iylənər.

Su gələn arxa bir də gələr.

Suda boğulan saman çöpündən yapışar.

Su səhəngi suda sınar.

Su murdarlıq götürməz”.

Su ilə bağlı türkəçarələri:

“Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən övladı olar.

Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağ­dan, üç dəfə soldan su töksən qorxusu keçər.

Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içir­dərlər”.

Su ilə bağlı alqışlar:

“Qamən axan görglü suyun qurumasın!

Qara başım qurban olsun ,suyum, sana!”.

Su ilə bağlı tapmacalar:

“Ay gedər ha il gedər

gecə gündüz yol gedər  (su)”.

Simsar.az
21 Fevral, 2017  13:48 Baxılıb: 2029

Bu bölmədə