Simsar.az | bizi özünüzə Simsar bilin
Zakir Qaralov ukraynalı həmkarını qəbul edib

Azərbaycanın baş prokuroru Zakir Qaralovun ölkəmizdə səfərdə olan Ukraynanın Baş prokuroru Yuri Lutsenkonu qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən Z. Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Petro Poroşenkonun müstəsna xidmətlərini xüsusi qeyd edib.

Strateji müttəfiqliyə əsaslanan bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq orqanları arasında faydalı əməkdaşlıq əlaqələrinin inkişafında stimul olduğu bu əlaqələr çərçivəsində 1994-cü il mayın 17-də “Ukrayna Baş Prokurorluğu və Azərbaycan Baş Prokurorluğu arasında hüquqi yardım və əməkdaşlıq haqqında” Sazişin imzalanmasının ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığını diqqətə çatdıraraq, son dövrlər Ukraynada yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayətlərin istintaqını şəxsi nəzarətinə götürdüyünə görə Yuri Lutsenkoya təşəkkürünü bildirib.

Görüşdə baş prokuror prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat verib.

Ukraynanın Baş prokuroru Yuri Lutsenko Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini, hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini, xüsusilə iki ölkə prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Azərbaycanla Ukrayna arasında dostluq əlaqələrinin sıx olduğunu bildirən qonaq ölkələrimizin demokratik inkişaf yolu ilə inamla irəlilədiyini vurğulayıb, eyni zamanda, respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlayıb.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

20 Fevral, 2017  15:19 Baxılıb: 1588

Bu bölmədə