Simsar.az | bizi özünüzə Simsar bilin
Əliağa Vahidin doğum günüdür

Qəzəlxan Əliağa Vahid 1895-ci ilin fevralın 18-də dünyaya gəlib. Mollaxanada oxumağa başlayan Əliağa Vahid ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etməyə başladı. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazıb. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s. yazmış, "Kommunist" qəzetində, "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", 1943; "Qəzəllər", 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidi. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. O 1965-ci il, oktyabrın 1-də dünyasını dəyişib.


18 Fevral, 2017  14:27 Baxılıb: 1870

Bu bölmədə