Simsar.az | bizi özünüzə Simsar bilin
Büdcəyə dəyişikliklər təsdiqləndi

Ziyad Səmədzadə: "İqtisadi sahədə əldə edilmiş uğurlar büdcənin formalaşması üçün stimul yaradıb"

Milli Məclisin bu gün keçirilən iclasında «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında» və «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklər haqqında» qanun layihələri müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, iclasda çıxış edən parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, iqtisadi sahədə əldə edilmiş uğurlar büdcənin formalaşması üçün stimul yaradıb. ÜDM-in artımı təmin edilib, qeyri-neft sektorunun inkişafı ilə bağlı strategiya həyata keçirilir, Mərkəzi Bankın tədiyə balansının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər müsbət nəticələr verir.

Z.Səmədzadə qeyd edib ki, 2010-cu ildə ÜDM 41,6 mlrd. dollar olub: «Azərbaycan adambaşına məhsul istehsalına görə inkişaf etmiş ölkələrə yaxınlaşıb. Valyuta ehtiyatları 30 mlrd. dolları ötüb. Əhalinin pul gəlirlərinin artımı istehlak qiymətlərinin indeksininin tempini 2 dəfə üstələyib».

«Bununla belə, bir sıra rayonlarda büdcə gəlirlərinin formalaşmasında problemlər var. Büdcəyə vergi borcları kifayət qədər yüksəkdir. Bu sahədə işlər daha da gücləndirilməlidir. Əmək müqavilələrinin bağlanmasına nəzarəti gücləndirsək vergi daxilolmaları da artar, eyni zamanda özlərini işsiz kimi adlandıranların sayı da azalar», - deyə komitə sədri vurğulayıb.
Komitə sədri həmçinin əlavə edib ki, gömrük azadolmalarına bir daha baxılmalıdır. Əks halda ölkədə yerli istehsalın vəziyyəti çətin olacaq. Komitə sədri xaricdən cəlb edilən borclara nəzarətin olmasını da vacib sayıb.

Maliyyə naziri Samir Şərifov çıxış edərək büdcənin icra göstəricilərini açıqlayıb. Nazir bildirib ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 11 402,5 mln. manat, xərcləri isə 11 766,0 mln. manat təşkil edib. Ötən il üçün dövlət büdcəsinin gəlirləri 11 505,0 mln. manat, xərcləri isə 12 275,3 mln. manat həcmində proqnozlaşdırılırdı. Göründüyü kimi, proqnoz gəlirlər üzrə 0,9%, xərclər üzrə isə 4,1% kəsirlə icra olunub.
Ötən il büdcə gəlirlərinin 4 292,8 mln. manatı (və ya proqnozdan 4% az) Vergilər Nazirliyi, 1 101,7 mln. manatı (+0,2%) Dövlət Gömrük Komitəsi (DGK), 5,4 mln. manatı (+8%) Əmlak Məsələləri Dövlət Komitəsi, 5 915,0 mln. manatı (proqnoza tam uyğun) Dövlət Neft Fondu (ARDNF) tərəfindən, 87,6 mln. manatı isə (5,8 dəfə çox) sair gəlirlər hesabına daxil olub. Eyni zamanda, ötən il ərzində Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 2009-cu ilə nisbətən 4,4%, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 8%, ARDNF üzrə 20,3% artıb, DGK üzrə 1%, sair gəlirlər isə 51,3% azalıb.

Xərclərə gəldikdə isə, nazir deyib ki, 2010-cu ildə dövlət büdcəsindən 794,3 mln. manat (proqnozdan 17,9% az) ümumi dövlət xidmətlərinə, 1 185,2 mln. manat (-1,7%) müdafiə, 668,5 mln. manat (-6,2%) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq, 1 181,4 mln. manat (-4,8%) təhsil, 429,4 mln. manat (-11,6%) səhiyyə, 1 123,0 mln. manat (-1,7%) sosial müdafiə və sosial təminat, 168,4 mln. manat (-2,4%) mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət, 199,9 mln. manat (-0,6%) mənzil və kommunal təsərrüfatı, 372,1 mln. manat (-2,5%) kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf münitin mühafizəsi, 4 147,0 mln. manat (-0,6%) sənaye, tikinti və faydalı qazıntılar, 55,1 mln. manat (-26,1%) nəqliyyat və rabitə sahələrinə, 115,9 mln. manat (-7,3%) iqtisadi fəaliyyət, 1 325,8 mln. manat isə (-4,9%) əsas bölmələrə aid edilməyən xidmətlərə sərf olunub.

Daha sonra S. Şərifov 2011-ci il büdcəsinə dəyişikliklər barədə məlumat verib. Nazir bildirib ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılır. Bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat olacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29% çoxdur. Büdcə gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcək.

Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsinin xərcləri isə 15 941,2 mln. manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş ilkin büdcə xərclərinə nisbətən 3 193,2 mln. manat və ya 25% artırılır. Artımdan sonra xərclərin 48,4%-ni və ya 7 716,5 mln. manatını cari xərclər, 49,4%-ni və ya 7 878,0 mln. manatını əsaslı xərclər, 2,2%-ni və ya 346,7 mln. manatını dövlət börclarına xidmətlə bağlı xərclər təşkil edəcək.

Cari xərclərin artırılması üçün nəzərdə tutulan 698,0 mln. manatın 462,7 mln. manatı və ya 66,3%-i ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlarla əlaqədar 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləği arasındakı fərqin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqları, sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcək. Dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8%-i həcmində və yaxud 2 484,1 mln. manat vəsait yönəldilcək ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş ilkin göstəriciyə nisbətən 73,5% çoxdur.

Büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 687 mln. manat vəsaitin əlavə gəlirlər hesabına 300 mln. manat azaldılması nəzərdə tutulur.

Nazir bildirib ki, Milli Məclisə təqdim olunmuş layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barelinin qiyməti 20 ABŞ dolları artırılaraq 80 dollara çatdırılıb.

Daha sonra çıxış edən Hesablama Palatasının sədri Heydər Əsədov ötən ilki büdcənin icrasını müsbət qiymətləndirib.

Deputatlar məsələ ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

Sonda hər iki sənəd səs çoxluğu ilə təsdiqlənib.

27 May, 2011  19:39 Baxılıb: 1194

Bu bölmədə