Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda saat kimi işləyən nəqliyyat sistemi yaradılır

"Bu bir çoxlarına nağıl kimi görünsə də"

Bakıda avtomobillərin sayı artdıqca yollarda gərginlik yüksəlir. Hərəkətin intensivliyi təkcə avtomobillərin sayının yüksələn xətlə artmasından meydana gəlmir. Əsas səbəblərdən biri yolların avtomobillər tərəfindən zəbt olunması, maşınların yol kənarlarında necə gəldi, kimə necə rahat oldu, saxlanmasıdır. Bu problem özünü içtimai nəqliyyatda daha çox büruzə verir. Şəhərin bir yerindən, başqa bir nöqtəsinə avtobusla getmək üçün bəzən bir neçə saatı yolda itirməli olursan.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Simsar.az-a açıqlamasında bildirdi ki, bu problemlərə Azərbaycanda nəqliyyat sistemi üçün nağıl kimi görünən layihə reallaşandan sonra son qoyulacaq.

Nazirlik rəsmisinin sözlərinə görə, avtobuslar saat mexanizmi kimi işləyəcək: “Cənubi Koreyanın Seul şəhərinin təcrübəsi Bakıda tətbiq olunur. Bakıda nəqliyyatın intellektual idarə olunması sistemi yaradılır. Doğurdan da, avtobusların saat mexanizmi kimi işləməsi insanda təəccüb yaradır. İlk əvvəl buna nağıl kimi baxırdılar. Xatırladım ki, vaxtilə Bakıda tikilən körpü və yol ötürücülərinin olmasına da nağıl və əfsanə kimi baxırdılar. Amma indi həmin nağıllar reallaşıb”.

N.Həsənov qeyd etdi ki, artıq İntelektual Nəqliyyat Sisteminin yerləşəcəyi binanın tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, şəhərdə intellektual nəqliyyat sisteminin tərkib hissəsi kimi müasir monitorlar quraşdırılır. Monitorlarda sürücülərə elektron yazılar vasitəsilə müraciətlər olacaq, onlara tıxac yaratmamaq barədə göstərişlər veriləcək. Bundan başqa, yüzlərlə yerdə müxtəlif qurğular quraşdırılacaq. Hətta insanların mobil telefonuna avtobusun gəlib-gəlməməsi ilə bağlı sms-info da daxil olacaq.

“Doğurdan da bu nağıl kimi görünür, amma 15 il əvvvəl mobil telefon da nağıl kimi görünürdü. Bu sistem işə düşəndən sonra adama elə gələcək ki, 100 ildir belə sistem mövcuddur. Sadəcə, buna psixoloji baxımdan hazır olmalıyıq. Artıq sərnişin bilməlidir ki, avtobusa minəndə və düşəndə izlənilir, sürücüyə monitorda bildiriləcək ki, səndən beş dəqiqə sonra avtobus gəlir, interval pozulur, sürətlə hərəkət et və s. Sürücü monitorda oxuyacaq ki, mərkəzdən ona məlumat ötürüldü. Bu ilin sonunda sistem işə düşəcək. Sistemin işə düşməsinə bir neçə ay qalıb”, - bu fikirlər də N.Həsənova məxsusdur.

Qeyd edək ki, Bakıda intellektual sistemin yaradılması çərçivəsində yeni tipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq ki, burada elektron tablolar yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını müşahidə etməyə (peyk vasitəsilə) imkan verəcək. Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi keçiriləcək. İntellektual sistem elektron tipli 150-yə yaxın yeni işıqforların yerləşdirilməsini nəzərdə tutur. Bakıda sərnişin nəqliyyatının nizamlanması və idarə edilməsinə xidmət edəcək layihənin dəyəri 77 milyon dollara yaxındır. Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın meydan ("cib"lərin), taksilər üçün 140 meydan yaradılması planlaşdırılır.

26 May, 2011  16:48 Baxılıb: 1349

Bu bölmədə