Simsar.az | bizi özünüzə Simsar bilin
DİQQƏT:Bu yollardan istifadə etməyin

Bu gündən etibarən Bakıda şənbə və bazar günləri də daxil olmaqla bir sıra prospekt və küçələrdə hərəkət qismən məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən Simsar.az-a daxil olan məlumata görə, təmir Neftçilər prospekti (Nobel prospekti ilə kəsişmə), Cəfər Xəndan küçəsi (Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arası) və Nəcəf Nərimanov küçəsində aparılacaq.

Qeyd edək ki, Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissədə bu gün, günorta saatlarından etibarən dəmir yolu relslərinin sökülməsi işlərinə başlanılacaq. Bu prosesin yaxın iki gün ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin həmin hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində də hazırda təmir işləri aparılır. Bu hissədə yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir növbəti iş həftəsinə qədər davam etdiriləcək. Bu müddət ərzində küçənin sözügedən hissəsində də hərəkət qismən məhdudlaşdırılacaq.

Təmir işlərinin aparıldığı daha bir küçə Nəcəf Nərimanov küçəsidir. Burada küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır və bu üzdən hərəkətin qismən məhdudlaşdırılması tətbiq olunur.

"Sürücülərdən xahiş olunur ki, qeyd edilən müddətdə sözügedən prospekt və küçələrdə aparılan təmir işləri nəzərə alınaraq, həmçinin avtonəqliyyat sıxlığının yaranmaması üçün mümkün hallarda hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər. Hərəkətin qismən məhdudlaşdırılması zamanı yol tam bağlanmır. Təmir işləri hissə-hissə aparılır və buna müvafiq olaraq hərəkət zolaqlarından biri və ya bir neçəsi bağlı olur, hərəkət digər zolaqlar üzrə təmin olunur", - deyə məlumatda qeyd olunur.

6 Yanvar, 2017  14:14 Baxılıb: 1505

Bu bölmədə