Simsar.az | bizi özünüzə Simsar bilin
ARİF HACILI DAHA İKİ AY HƏBSDƏ QALACAQ

Prokurorluq təqdimat verdi

İctimai Palatanın 2 aprel mitinqində tutulan, aprelin 4-də haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının həbs müddəti uzadılır. Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.

Vəkilin sözlərinə görə, mayın 24-ü saat 15-də Səbail Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə Arif Hacılının həbs müddətinin uzadılması məsələsinə baxılacaq: “Bakı Şəhər Prokurorluğunda yaradılan istintaq qrupunun nümayəndəsi mayın 23-də vəkillərə zəng vurub. O deyib ki, prokurorluq Arif Hacılının həbs müddətinin uzadılması üçün təqdimat verib. Lakin vəkillər əvvəlcədən məlumatlandırılmayıb ki, müdafiə üçün hazırlaşaq. Hesab edirəm ki, Arif Hacılının həbs müddətinin uzadılması qanunun pozulması deməkdir. Onun həbsdə saxlanılmasına heç bir hüquqi əsas yoxdur. Aprelin 2-dən indiyədək heç bir istintaq hərəkəti aparılmayıb. İstintaq hərəkətlərini üst-üstə yığsan, bir iş günü etməz. Prokurorluq Arif Hacılını həbsdə saxlamağı cəza növü kimi seçib və tətbiq edir”.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Həmin gün Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb. İndiyədək 13 aksiyaçı həbs edilib.

23 May, 2011  22:29 Baxılıb: 1484

Bu bölmədə