Simsar.az | bizi özünüzə Simsar bilin
Ucarda Qarabağ əlillərinə ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Ucar rayonunda 6 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinə təqdim edib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az -a verilən məlumata görə, cari ildə nazirlik tərəfindən 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, ƏƏSMN tərəfindən respublikanın şəhər və rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri davam etdirilir. Nazirlik daha 6 ədəd fərdi yaşayış evini Ucar rayonunda Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

Həmin fərdi yaşayış evlərinin hər biri onların təqdim olunduğu şəxslərin ailə üzvlərinin sayına uyğun olaraq üçotaqlıdır və evlərdə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin edilib. Yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirində ƏƏSMN-nin, Ucar rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli və uzunmüddətli tərəqqisinə xidmət edən sosial-iqtisadi siyasətinin mərkəzində ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması prinsipinin dayandığı vurğulanıb. Respublikada sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən bəhs olunub. Ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial siyasətdə mühüm yer tutduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı bu təbəqələrdən olan şəxslərin mənzillə təminatı sahəsində mühüm irəliləyişlərə imkan yaradıb. Sərəncamın icrası işlərinin davamı olaraq, cari ildə ƏƏSMN 30-dan çox rayonda 140 ədəd fərdi yaşayış evini və 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 ədəd mənzili istifadəyə verib. Beləliklə, bu il nazirlik 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edib. Ölkədə sosial sahəyə dövlət qayğısının ildən-ilə artırılması bütün sosial proqramlar kimi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının da uğurla davam etdiriləcəyinə əsas yaradır.

Digər çıxış edənlər müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin ayrı-ayrı sosial təminat növləri ilə təmin olunduqlarından da bəhs edib, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını diqqətə çatdırıblar. Yeni fərdi yaşayış evlərinin təqdim edildiyi Qarabağ müharibəsi əlilləri respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, ümumən əlillərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

1 Dekabr, 2016  15:40 Baxılıb: 1401

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası