Simsar.az | bizi özünüzə Simsar bilin
İsrailə gedən FHN təyyarəsi geri qayıtdı

Noyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İsraildə yanğınların söndürülməsi əməliyyatlarında iştirak etmək üçün bu ölkəyə getmiş 9 nəfərlik yanğınsöndürən qrupu Azərbaycana qayıdıb.

Simsar.az-ın  məlumatına görə, Heydər Əliyev Beynəlxalq hava limanında FHN-nin Aviasiya Dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, İsrail hökumətinin müraciəti və Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında 25 noyabrda FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd "BE-200ÇS" amfibiya tipli təyyarə və 9 nəfərlik uçuş-texniki heyətdən ibarət qrup İsraildə baş vermiş irimiqyaslı yanğınların söndürülməsində iştirak edib.

Onun sözlərinə görə, ilk olaraq heyət İsraildə Hayfa və Qüds şəhərlərinin ətrafındakı bölgələrə ayrılıb: `Biz ilk olaraq kəşfiyyat xarakterli uçuşlar apardıq. Həmin gün ərzində 8 yanğın bölgəsində 9 uçuş şərtilə və 80 tondan artıq su tökməklə həmin bölgədə yanğınların söndürülməsində fəal iştirak etdik. Biz İsraildə olan müddətdə 100 tondan çox su istifadə etməklə 8 ocaqda yanğınların söndürülməsində fəal iştirak etmişik`.

O qeyd edib ki, İsrail prezidenti iştirakçı dövlətlərin nümayəndələrinə, o cümlədən Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, noyabrın 25-dən etibarən FHN-nin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib. 29 noyabrda İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib. İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.

30 Noyabr, 2016  18:50 Baxılıb: 1606

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası