Simsar.az | bizi özünüzə Simsar bilin
Bütün beynəlxalq təşkilatlar razıdır

Zakir Qaralov: “Ölkəmizdə korrupsiyaya qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizm yaradılıb”

“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Konvensiyaları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə konvensiyası” da Azərbaycanda qüvvəyə minib. Beynəlxalq Konvensiyaların ölkə qanunvericiliyinə implementasiyası həyata keçirilib, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılaraq korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılıb. Bütün bunların nəticəsi olaraq, ölkəmizdə korrupsiyaya qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizm yaradılıb”.

Bu fikirləri baş prokuror Zakir Qaralaov APA-ya müsahibəsində deyib.

O, bildirib ki, korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı uğurla icra edilib, 28 iyul 2007-ci il tarixli sərəncamla təsdiq edilməklə dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaradıb:

“Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar bütün beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən dəyərləndirmə hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər müsbət dəyərləndirilib”.

Z.Qaralov müsahibəsində onu da vurğulayıb ki, MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu kimi Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilməsi prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən yüksək etimadın təzahürüdür. Bu dəyişikliklərə əsasən, korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirləri yalnız Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılacaq. Əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri tərəfindən korrupsiya cinayətləri barədə əməliyyat-axtarış tədbirləri yalnız Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yazılı tapşırığı əsasında həyata keçirilə bilər. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarət Azərbaycan baş prokuroru tərəfindən həyata keçiriləcək. Bu dəyişiklik həmçinin korrupsiyaya qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsini və bu sahədə əməliyyat tədbirlərinin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti asanlaşdıracaq: “Hazırda yeni təsis edilmiş Əməliyyat və Əməliyyat təminatı şöbələrinin ixtisaslı və təcrübəli kadrlarla komplektləşdirilməsi istiqamətində müəyyən işlər görülür. Bu şöbələrin əməkdaşlarının işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda şöbələrin maddi texniki-bazasının ən müasir avadanlıq və qurğularla təmin olunması istiqamətində zəruri tədbirlər görülür.


Anar

23 May, 2011  15:50 Baxılıb: 1025

Bu bölmədə