Simsar.az | bizi özünüzə Simsar bilin
Kəmaləddin Heydərov Niderlandda rəsmi səfərdə oldu

İki ölkənin müvafiq qurumları arasındakı mövcud ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, xüsusilə su resurslarının idarə olunması məsələləri müzakirə edilib.

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığında rəsmi səfərdə olub.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər zamanı Niderlandın infrastruktur və ətraf mühit naziri Şultz van Haegenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan heyəti arasında geniş tərkibli görüş olub. Görüşdə hər iki ölkənin müvafiq qurumları arasındakı mövcud ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, xüsusilə su resurslarının idarə olunması məsələləri müzakirə edilib.

Səfər çərçivəsində K. Heydərovla Niderlandın dövlət katibi Joop Atsma arasında ikitərəfli görüş keçirilib. Görüşdə ölkələr arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, Azərbaycan və Niderlandın müvafiq qurumları arasında hazırkı əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanıb.

FHN nümayəndə heyəti Niderlandın Damen tərsanəsinin direktoru Rene Berkvens ilə də görüşüb. Görüşdə tərsanə haqqında nümayəndə heyətinə məlumat verilib, Kür və Araz çaylarının məcrasının dərinləşdirilməsi üçün fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Krallığın "Van Oord" və "Royal Haskoning" şirkətlərinin rəhbərləri və mütəxəssislərin iştirakı ilə görüş keçirilib. Görüşdə şirkətlərin fəaliyyəti haqqında geniş məlumat verilib. Bakı buxtasının müayinəsi və təmizlənməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

"Deltares" şirkətinin prezidenti Harry Baayen ilə keçirilən görüşdə isə Niderlandda su idarəetməsi üzrə geniş təqdimat dinlənilib. Həmçinin, Azərbaycan çaylarında baş verən sel-daşqın sularının idarə olunması, çaylarda müasir mühafizə tədbirlərinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. FHN-də "Deltares" və "Royal Haskoning" şirkətlərinin ekspertlərindən və respublikanın aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu tərəfindən ölkə ərazisində suların kompleks idarəedilməsi və tənzimlənməsi üzrə görülən işlər müzakirə olunub. Gələcəkdə həyata keçiriləcək tədbirlər ətrafında müzakirələr aparılıb.

21 May, 2011  20:36 Baxılıb: 1092

Bu bölmədə