Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentlərin görüş vaxtı bilindi

Onlar iyunun 25-də Kazanda görüşəcəklər

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. 

Simsar.az-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı “İnterfax” agentliyinə istinadən xəbər yayıb.

“İnterfax”ın diplomatik mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə iyunun 25-də Kazanda baş tutacaq.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək.

Qeyd edək ki, üçtərəfli formatda sonuncu görüş cari ilin mart ayında Soçidə keçirilib.

Prezidentlərin görüşündən əvvəl isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərləri və hər üç ölkənin xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur. Bu barədə Azərbaycan xarici İşlər naziri Elmar Məmmədyarov mayın 20-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həmsədrlər regiona iyunun əvvəllərində səfər edəcəklər. Səfərdən sonra Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşü keçiriləcək. “Bundan sonra isə çox güman ki, iyunda üç ölkənin prezidentlərinin görüşü olacaq. Nazirlərin görüşü yəqin ki, Moskvada keçiriləcək, prezidentlərin görüşünə gəldikdə isə bir neçə variant var və biz bu variantlar üzərində işi davam etdiririk”, - deyə nazir vurğulayıb.

21 May, 2011  19:56 Baxılıb: 1037

Bu bölmədə