Simsar.az | bizi özünüzə Simsar bilin
MÜXALİFƏTDƏN ARİF HACILIYA SAYĞISIZLIQ

Təmsil olunduğu düşərgə həbsxanada olan Müsavat yetkilisini siyasi məhbus hesab etmir 

Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılı mətbuata partiyadakı müəyyən qüvvələri sancan mesaj göndərib. Ünvansız mesajda söhbət hansısa bəyanatdan, daha doğrusu, A.Hacılının adının bu bəyanata salınmamasından gedir.  

“Adımı bəyanata salmayanlar yadda saxlasınlar ki, azadlığa çıxacam və mübarizəmi davam etdirəcəm” deyə, A.Hacılı bildirib.

Mesajı mətbuata A.Hacılının vəkili təqdim edib. “Arif Hacılı dedi ki, söz çatacaq adam bunu oxuyanda nə demək istədiyini özü başa düşəcək”.

A.Hacılı İctimai Palatanın keçirdiyi (İP) 2 aprel mitinqinə görə saxlanılıb. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur. Aprelin 4-də Səbayel Rayon Məhkəməsi A.Hacılı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Müsavat rəsmisi Kürdəxanıda yerləşən Müvəqqəti İstintaq Təcridxanasında saxlanılır.

A.Hacılının mesajı İctimai Palatada təmsil olunan müxalifət düşərgəsində birmənalı qarşılanmayıb.

Söhbət hansı bəyanatdan gedir? A.Hacılının adını bəyanata salmaq istəməyən şəxslər kimlərdi? Simsar.az məsələni araşdırmaq üçün Müsavat yetkililəri ilə əlaqə saxlayıb.

A.Hacılının qardaşı, İctimai Palatanın üzvü Mustafa Hacıbəyli qardaşının mesajında söhbətin hansı bəyanatdan və kimdən getməsi barədə məlumatsız olduğunu bildirib.


Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı da A.Hacılının mesajında hansı bəyanatdan söhbət getməsi barədə məlumatsız olduğunu deyib.

Musavat Partiyasındakı mənbə isə bildirdi ki, burada söhbət hansısa müxalifət partiyasının hazırladığı bəyanatdan getmir.

“Bu yaxınlarda ATƏT-in nümayəndəsi Azərbaycana səfər edərkən ona ölkədəki siyasi vəziyyəti əks etdirən sənəd təqdim ediblər. Həmin sənədə Arif Hacılı və digərlərinin adları salınmayıb. Yalnız Eynulla Fətullayev, Bəxtiyar Hacıyev və Cabbar Savalanın adları siyasi məhbus kimi göstərilib. Arif Hacılı da məhz mesajı həmin sənədi hazlrlayanlara ünvanlayıb”.


RAMİL


17 May, 2011  20:44 Baxılıb: 1022

Bu bölmədə