Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan və Çexiya prezidentlərindən birgə bəyanat

Mayın 17-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Mayın 17-də Prezident İlham Əliyevin və Prezident Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Çexiya Respublikası Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsinin prezidenti Milan Holeçek imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”i Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiyanın Azərbaycandakı səfiri Radek Matula imzaladılar.

“Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiyanın Azərbaycandakı səfiri Radek Matula imzaladılar.

***

Mayın 17-də Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Çexiya Prezidenti Vatslav Klaus mətbuata bəyanatlarla çıxış etmişlər.

--------
11:40

Mayın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun təkbətək görüşü olmuşdur.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Dövlət başçıları ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər.

Prezidentlər Azərbaycan–Çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etdilər.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

----------
11:32

Mayın 17-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klausun rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Prezidenti Vatslav Klausu və xanımı Liviya Klausovanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Çexiya Prezidentinə raport verdi.

Çexiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Çexiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vatslav Klausa, Çexiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər və Çexiyanın birinci xanımı rəsmi foto çəkdirdilər.

---------
08:15

Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiya Respublikasının Prezidenti Vatslav Klausu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Çexiya Prezidentinə və xanımı Liviya Klausovaya gül dəstəsi təqdim etdilər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Vatslav Klaus və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

AzərTAc

17 May, 2011  19:54 Baxılıb: 1078

Bu bölmədə